Səfir: Cari ilin yeddi ayı ərzində Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 23 faizdən çox artıb
Rusiyada “WorldFood Moscow” 28-ci Beynəlxalq qida məhsulları sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sərginin açılışında çıxış edib. O, məmnunluq hissi ilə qeyd edib ki, dalbadal üçüncü il bu sərginin rəsmi tərəfdaşı olan Azərbaycan öz məhsullarını, bu sahədəki uğurlarını vahid “Made in Azеrbaijan” stendində nümayiş etdirir.
Diplomat deyib: “WorldFood Moscow” sərgisi Moskvanın əsas məkanlarından birinə çevrilib. Müxtəlif qitələrdən və ölkələrdən gəlmiş qida məhsulları istehsalçıları bu məkanda görüşür, öz məhsullarını təqdim edir, əməkdaşlığı genişləndirirlər. Azərbaycan tarixən Rusiyanın sabit, etibarlı və ənənəvi ticarət tərəfdaşlarından biridir. Başqa sahələrdə əlaqələr kimi, iqtisadi əlaqələrimiz də dinamik şəkildə inkişaf edir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 19 faizdən çox, cari ilin yeddi ayı ərzində isə bu göstərici 23 faizdən çox artıb”. Səfir qeyd edib ki, Azərbaycandan ixrac edilən ərzaq məhsullarına Rusiyada tələbat yüksəkdir.
P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycanda şərabçılıq uğurla inkişaf edir. bu fakt ümid etməyə əsas verir ki, Azərbaycan şərabları Rusiya bazarında uğurla satılacaq.
28-ci “WorldFood Moscow” sərgisi ilk dəfədir ki, “Krokus Ekspo”da keçirilir. Sərgidə 1500-dən çox rusiyalı və xarici qida məhsulları istehsalçıları iştirak edir, onlar dünyanın 65 ölkəsini və Rusiyanın 43 regionunu təmsil edir.
Azərbaycan bu il də sərginin tərəfdaş ölkəsi olub. Milli stendimizdə Rusiya bazarına qida məhsullarının geniş spektrini təklif edən 40-dan çox şirkətin məhsulları nümayiş etdirilir. Sərgidə kollektiv iştirak Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub.