Siyasət

Danışıqlar öncəsi təxribatlarda NİYƏ RUS ƏLİ AXTARILIR?

ABŞ, Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində təşəbbüsü ələ almağa cəhd göstərəndə, bu istiqamətdə real addımlar atılanda hər dəfə ön cəbhədə, təmas xəttində gərginlik yaşanır. Ordumuz itki verir. Bu dəfə də eyni ssenari təkrarlandı.

ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən öncə cəbhədə bir əsgərimiz şəhid oldu.

Görəsən, bu təxribat kimə sərf edir və kim tərəfindən törədilir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan zabit Əlisahib Hüseynov bildirib ki, adətən, bu cür ssenarilər Kremldə yazılır, cızılır:

“Bu cür hadisələr sülh danışıqlarının məntiqinə, mahiyyətinə tamamilə ziddir. Mən inanmıram ki, cəbhə xəttində baş verən bu ağır hadisə məhz rəsmi İrəvanın istəyilə, Paşinyanın və yaxud Tonoyanın birbaşa göstərişi ilə baş verib. Düzdür, Paşinyan da, Tonoyan da avantürist və qeyri-normal psixikaya malikdir. Ancaq onların heç biri bütün beynəlxalq siyasi dairələrin diqqətinin XİN başçılarının bu müzakirələrinə yönəldiyi bir vaxtda Ermənistanı bu cür pis vəziyyətdə qoyan, onu aqressor qismində göstərən təxribata yol verməzdi. Açıq-aşkar görünür ki, bu hadisə onların kiçik beyinlərinin “məhsul”u deyil”.

Politoloq Zaur Məmmədov da məsələyə münasibət bildirib.

Politoloq hesab edir ki, ermənilərin arxasında olan bəzi qüvvələr və ölkələr bilərəkdən status-kvonun saxlanılmasında maraqlıdır:

“Danışıqlar 1990-cı illərin ortalarından bu yana davam etməkdədir. Hər dəfə danışıqlarda, Qarabağla bağlı ABŞ, Qərb fəallıq göstərmək istəyəndə biz cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin intensiv şəkildə pozulmasının şahidi oluruq. Bəzi qüvvələr ABŞ-ın hər vəchlə münaqişə ilə bağlı fəallığına imkan vermək fikrində deyillər. İstər ABŞ, istər Fransa, istər Avropa İttifaqının, istərsə də Türkiyə və digər ölkələrin bu münaqişə ilə bağlı fəallığına bəlli qüvvələr izn verməyəcək. Çünki onların fikrincə bu münaqişə və ümumiyyətlə region məhz onların protektoratı altında olmalı və bu davam etməlidir. Amma başa düşmək lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Azərbaycanın da səbri tükənməz deyil”.

Z. Məmmədov vurğulayıb ki, Rusiya və Ermənistan arasında münasibətlər indi öz tarixinin ən pis dövrünü yaşayır:

“Amma ümumi götürdükdə Ermənistanın əli ilə Rusiya regionda öz maraqlarını reallaşdırmaqda davam edir. Son hadisələr də göstərir ki, istər Gürcüstana, istərsə də Azərbaycana pressinq etmək lazım olanda onlar öz əlaltıları olan ermənilərdən istifadə edirlər. Amma Azərbaycan dövləti bütün bu illər ərzində sülh danışıqlarına getməklə bərabər öz hərbi potensialını da gücləndirməkdədir. Bu gün Azərbaycanın hərbi gücü imkan verir ki, ermənilərin işğal etdikləri əraziləri bir neçə gün ərzində azad etsinlər. Təbii ki, beynəlxalq aləmin reaksiyasını və ümumilikdə dünyada baş verən prosesləri də yaxından izləmək lazımdır. Çünki Qarabağ münaqişəsi bu proseslərlə birbaşa əlaqəlidir. Heç də təsadüfi deyil ki, ABŞ-Rusiya qarşıdurmasında rəsmi Vaşinqton Balkanlarda, Şərqi Avropada öz məqsədlərinə çatandan sonra Cənubi Qafqazda möhkəmlənməyə çalışır. ABŞ üçün onun maraqlarını qoruyan və Rusiyanın cənub hüdudlarında öz hərbi-siyasi maraqlarını təmin edən konteks vacibdir. Azərbaycan istər ABŞ, istər Rusiya, istərsə də BMT TŞ-nın üzvü olan 5 dövlətdən münaqişənin nizamlanması ilə bağlı obyektivlik tələb edir”.

Z. Məmmədov bildirib ki, Ermənistan kukla dövlətdir:

“Elə son zamanlar biz Paşinyanın fəaliyyətində də bunu sezə bilərik. Onun bir-birini inkar edən (istər daxili, istərsə də xarici siyasətlə bağlı) bəyanatları hətta onun Ermənistanın daxilində Amulsar qızıl yatağı ilə bağlı ikili oyunu onu göstərir ki, Paşinyan müstəqil siyasi qərar qəbul etmək gücündə olan biri deyil”.

Hərbi siyasi icmalçı Ramil Məmmədli də məsələ ilə bağlı saytımıza danışıb.

R. Məmmədli hesab edir ki, münaqişənin həlli ilə bağlı Qərbin cəhdlərinin nəticəsiz qalmasının əsas səbəbi Rusiya amilidir:

“Burada daha bir məqam isə Ermənistanın Rusiyaya bağlılığı və Moskvadan verilən əmrlərin icrasının qeyd-şərtsiz həyata keçirilməsidir. Rusiya münaqişənin həllini özünün iştirakı olmadan təsəvvür edə bilmir və burada dominantlığı heç kimə güzəştə getmək istəmir. Belə olan təqdirdə Ermənistan və Azərbaycan diplomatlarının ABŞ-ın – Qərbin vasitəçiliyi ilə müzakirəsi fiaskoya uğradılır. Təxribatçı tərəf isə əlbəttə ki, Ermənistan və Qarabağdakı separatçı ermənilərdir. Hətta mən deyərdim ki, bəzi vacib məqamlarda Dağlıq Qarabağdakı separatçı erməni qruplaşmaları əmri birbaşa Moskvadan alırlar. Bunun sətiraltı etirafını Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın 2008-ci ildə prezident seçkiləri öncəsi verdiyi müsahibəsində də görmək olardı. Yəni münaqişənin həllini istəyən Qərbin cəhdlərini qarşısı Rusiya və onun əmrlərini icra edən ermənilər tərəfindən təxribatlarla alınır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir