İqtisadiyyat

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 144 mln. dolları ötüb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı 13,5 mlrd. ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 mln. dollar və ya 5% artıb.

Redaktor.az-ın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektoru üzrə 1,277 mlrd. dollar dəyərində ixrac həyata keçirilib: “2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 mln. dolları və ya 17% artıb. Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 427,1 mln. dollar, Türkiyəyə 278,6 mln. dollar, İsveçrəyə 111,5 mln. dollar, Gürcüstana 110,4 mln. dollar və İtaliyaya 33,5 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub”.

Mərkəzin departament rəhbəri əlavə edib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14%, Türkiyəyə 12%, İsveçrəyə 21%, Gürcüstana 25% və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4%), Türkiyəyə (21,8%), İsveçrəyə (8,7%), Gürcüstana (8,7%) və İtaliyaya (2,6%) göndərilən malların payı üstünlük təşkil edib.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,5 mln. dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,7 mln. dollar) ikinci və pambıq mahlıcı (85,1 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin 8 ayı ərzində meyvə-tərəvəz ixracı 361,7 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 136,8 mln. dollar, pambıq lifi ixracı 86,2 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 68,5 mln. dollar, elektrik enerjisinin ixracı 58,4 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 41,4 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9 mln. dollar, pambıq ipliyi ixracı 20,2 mln. dollar, şəkər ixracı 20,1 mln. dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2 dəfə, kimya sənayesi məhsullarının ixracı 68,7%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 51,3%, pambıq lifinin ixracı 49,4%, pambıq ipliyinin ixracı 40,3%, şəkər ixracı 15,5%, meyvə-tərəvəzin ixracı 14,5% artıb.

Bu ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 144,4 mln. dollar təşkil edib. 2018-ci ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 19 mln. dollar və ya 15% artıb. Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (31,2 mln. dollar), Türkiyəyə (27,4 mln. dollar), İsveçrəyə (23,2 mln. dollar), Gürcüstana (10,3 mln. dollar) və Çinə (6,4 mln. dollar) ixrac edilib.

Hesabat ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 22,7 mln. dollar) birinci, emal olunmamış aşqarlanmamış alüminium (11,6 mln. dollar) ikinci, metanol isə (9,6 mln. dollar) üçüncü olub.//Apa.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir