Nazirlər Kabineti 2020-ci il üzrə dövlət və icmal büdcələrinin layihələri, eyni zamanda sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə rəy verib.
Oxu.Az-ın məlumatına görə, Baş nazir Novruz Məmmədov 2020-ci il və gələn üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası, proqnoz göstəricilərinin bəyənilməsi barədə qərar imzalayıb.
Qərara alınıb ki, layihələr “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilsin.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.
Gələn il büdcə xərcləri 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% artıqdır.
Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.
İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.