Prezident Vladimir Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Yerevana qısamüddətli səfəri ərəfəsində Rusiyadan Nikol Paşinyana yeni hücumlar dalğası başlayıb. Çoxsaylı Rusiya nəşrləri Paşinyanın barəsində tənqidi materiallar dərc edirlər. Məsələn, “Nezavisimaya qazeta” erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Paşinyanın “məxməri inqilab” adlanan siyasi fırıldaq yolu ilə hakimiyyətə gəldiyi bildirilir.
Məqalədə deyilir ki, bu inqilabdan il yarım sonra Ermənistan demokratik ölkəyə çevrilmədi, əksinə, qərb QHT-lərinin dediyi ilə oturub-duran avtoritar dövlət oldu. Və Ermənistan Birləşmiş Ştatların geosiyasi maraqlarının orbitində yer aldı.
Müəlliflər qeyd edirlər ki, əslində eks-prezident Serj Sərkisyan məqsədyönlü şəkildə 2010-2017-ci illərdə Ermənistanı qərb QHT-ləri, fondları, təriqətləri ilə doldurdu, o Ermənistanı tamamilə ABŞ-ın protektoratına verdi. “Məqsəd isə aydındır-erməni dövlətçiliyini ənənəvi xristian dəyərlərini devalvasiyaya məruz qoymaqla zəiflətmək, xalqın çoxəsrlik ailə və mənəvi dəyərlərini dağıtmaq”,-məqalədə deyilir.
Daha sonra Ermənistanın indiki hökumətinin tərkibində yer alan qərbyönümlülər haqda danışılır. Bildirilir ki, “inqilabi hökumət” Rusiyadakı erməni diasporunun nümayəndələrini hakimiyyət strukturlarına inteqrasiya etmək niyyətində deyil. Paşinyanın diaspor naziri Zare Sinanyan isə ABŞ vətəndaşıdır, uzun müddət bu ölkədə şəhər meri olub və Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasları var.
Məqalədə Paşinyanın “Qarabağı satmaq” planları haqda da danışılır. Baxmayaraq ki, Paşinyan Qarabağ məsələsində bir-birinin ardınca avantürist bəyanatlar verib, “miatsum” şüarını gündəmə gətirib və ərazilərin qaytarılmasını istisna edən açıqlamalarla çıxış edib.
“Onun vəzifələrindən biri Dağlıq Qarabağda öz adamı Mais Mailyanı (qondarma “dqr”in “xarici işlər naziri”) hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib”,-məqalədə iddia edilir.
Müəlliflər bildirirlər ki, ABŞ-ın Ermənistandakı əsas hədəflərindən biri də 102-ci Rusiya hərbi bazasıdır. Və ABŞ bununla bağlı məkrli plan hazırlayıb, həmin plana əsasən Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlanmalıdır. “Döyüş əməliyyatları başlasa və Rusiya KTMT üzvü kimi müdaxilə etsə Ermənistan rəhbərliyi iddia edə bilər ki, Rusiyanın hərbi iştirakı arzuolunan deyil”,-məqalədə deyilir.
Qəzet əlavə edir ki, əgər Rusiya ABŞ-ın təşkil etdiyi münaqişəyə qarışsa amerikalılar yeni qaynar nöqtədən istifadə edəcəklər və bütün mümkün olanı edəcəklər ki, Rusiya ciddi şəkildə bu müharibəyə uzun müddətli cəlb olunsun.
“Ona görə də maksimum tədbirlər görmək lazımdır ki, Amerika şantajı işləməsin və Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlamasın”,-məqalədə deyilir.