Bunu Oxu.Az-a açıqlamasında “M Group Production”ın rəhbəri, Xalq artisti Murad Dadaşov bu gündən başlayan “Maşın” şou ilə bağlı yenilikləri şərh edərkən deyib.
“Bu gündən teleməkanın ən qalmaqallı və səs-küylü şousu – “Maşın” efirə qayıdır. Şou həmişə öz fərqliliyi və uğurları ilə seçilib. Bu, tək mənim deyil, “M Group Production” komandasının uğurudur. Çünki işçiləri belə seçərkən həmişə kreativ düşüncəsi, fərqli baxışı, yeni, gənc düşüncəsi olan insanlara üstünlük verilir.
Bəlkə də, bu səbəbdən neçə ildir ki, şou öz maraqlı görüntüsü, dizaynı və ən əsası, formatı ilə fərqlənib. Bu dəfə də yeniliklər olacaq. Şounun adının “Maskarad” seçilməsi təsadüfi deyil. Adından da göründüyü kimi, tamaşaçıları təntənəli bayram ab-havası gözləyir.
“Maşın” ən reytinqli və uzunömürlü proqramlardan biridir. Amma ola bilər ki, tarixə düşsün. Çünki yeni layihələr üzərində işləyəcəyik. Amma konkret adlar çəkə bilməyəcəyəm. Çünki dəqiqləşdikdən sonra açıqlama olacaq”, – deyə Murad Dadaşov qeyd edib.
Xalq artisti bildirib ki, şouda şəxsən özünün dəvət etdiyi iştirakçılar var:
“Maşın” kiçik məbləğlərin hesabına başa gəlmir. Biz heç kimə maşın paylamağı düşünmürük. Çünki bu xeyriyyə aksiyası deyil, əyləncəli şoudur. İnsanları iki saatlıq olsa da, öz problemlərini unudub bu şounu izləməyə dəvət edirik.
Ümumiyyətlə, tamaşaçıların çoxluğu üçün də tanınmışların olması mütləqdir. Düzdür, üç dəfə adi insanların iştirakı ilə baş tuta şounun da reytinqi pis olmayıb. Amma tanınmışların iştirakı ilə olan şounun reytinqi, təbii ki, 2-3 dəfə artıq olur.
Komandamızın hər bir üzvü belə şouda kimləri görmək istədiyini açıqlayır. Çünki əməkdaşlarımızın fikirləri həm də tamaşaçı nöqteyi-nəzərindən bizim üçün maraqlıdır. Hər kəsin tərzi, düşüncəsi fərqlidir. Ona görə də biz bütün fikirləri müzakirə edib sonda qərar veririk.
Amma şou başlayanda hər dəfə yeni simalara, daha çox müzakirə olunan şəxslərə üstünlük verməyə çalışırıq. Elə tanınmışlar var ki, onlar gündəmdə olmasa belə iştirakı vacibdir. Şouda bir ulduzun bir neçə dəfə iştirak etməsinin də müəyyən səbəbləri var.
Murad Dadaşov əlavə edib ki, bu dəfə şoudakı avtomobil “Opel” markası olacaq:
“Maşının qiyməti 50 min manatdan az deyil”.