Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan üzrə mehmanxanalarda 2 666,7 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gecələmələrin 55,7%-i Bakıda, 9,4%-i Qəbələdə, 9%-i Qubada, 5,5%-i Xaçmazda, 3,4%-i Naftalanda, 2,8%-i Qusarda, 2,5%-i Naxçıvan Muxtar Respublikasında, 1,2%-i Qaxda, hər birində 1% olmaqla Mingəçevir və Lənkəranda, 8,5%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 1 743,9 min olub ki, bu da ümumi gecələmələrin 65,4%-ni təşkil edir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,2%-i Bakı şəhərində, 10%-i Qəbələdə, 3,7%-i Qubada, 2,8%-i Naxçıvan Muxtar Respublikasında, 2,7%-i Naftalan şəhərində, 4,6%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,1% artaraq 922,8 minə çatlb.
Cari ilin doqquz ayı ərzində mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7% çox və ya 334 mln. manat olub ki, onun da 66,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,1%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 5,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Hesabat dövründə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 23,6% (2018-ci ilin yanvar-sentyabr aylarında 21,9%) təşkil edib. Bu göstərici Qubada 54,3%, Naftalanda 53,7%, Şabranda 50,6%, Qəbələdə 40,8%, Bakıda 32,65, Beyləqanda 32%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4%) avqust ayında qeydə alınıb.