Siyasət

“XİN və ordu rəhbərliyində də İSLAHATLAR APARILMALIDIR” – Politoloq niyə bu qənaətdədir?

İqtidardakı köhnə komanda vəzifədən uzaqlaşdırılır.

Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə son kadr islahatlarına münasibət bildirib.

Politoloq hesab edir ki, ölkədə kadr dəyişikliyi və sturuktur islahatlar siyasi-iqtisadi və sosial problemlərin həllinə xidmət etməlidir:

“Bu yerdəyişmələr və kadr islahatı mütləq şəkildə xarici işlər nazirliyində də aparılmalıdır. Çünki, bugünkü nazirliyin fəaliyyəti qənaətbəxş deyil. İlk növbədə Elmar Məmmədyarov vəzifəsindən azad edilməlidir. Həmçinin xaricdə bir çox səfirlərimiz dəyişdirilməlidir. Xarici ölkələrdə səfirlərimizin çoxu yalnız şəxsi maraqları üçün çalışır. Yeni dünya düzəni formalaşır. Azərbaycanın köklü problemi olan Qarabağla bağlı səfirliklərimizin fəaliyyəti demək olar ki, müasir çağırışlara cavab vermir. ABŞ-da və Avropa Birliyində, həmçinin Rusiyada səfirlərimiz geri çağırılmalı və yeni diplomatlarla əvəz olunmalıdır”.

Politoloq qeyd edib ki, baş verənlər müəyyən dərəcədə yenilikdir:

“Ona görə də xarici siyasətdə prioritet istiqamətdə irəliləyişlər qaçılmazdır. Səfirlik və konsulluqlara siyasi cəhətdən savadlı kadrlar gətirilməlidir. Təəssüf ki, səfirlik və konsulluqlarda çalışan diplomatların çoxu qohumluq prinsiplərinə görə təyin olunub və siyasətdən tam kənar olan şəxslərdir. Mütləq Xarici İşlər Nazirliyində kadr islahatları aparılmalıdır”.

M. Əsədullazadə vurğulayıb ki, ölkədə bu yerdəyişmələr və hakim komanda üzvlərinin yenilənməsi bundan sonra çevik siyasət aparılmasını diktə etməlidir:

“İlk növbədə Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi bir strateji yanaşma ortaya qoyulmalıdır. Ermənistanla danışıqlarda imitasiyaya yol verilməməlidir. Azərbaycan xalqı on il əvvəlki düşüncəyə malik xalq deyil. Yeni gənclik formalaşıb. Bu dinamik gənclik ölkədə siyasi və iqtisadi dəyişikliklərdə maraqlıdır. İlk növbədə Qarabağ münaqişəsinin həllində daha həssasiyyatlıdır”.

Politoloq təklif edib ki, iqtidar bu dəyişiklikləri ordu rəhbərliyində də aparsın:

“Çünki, 2016-cı il uğurlu aprel döyüşlərində müəyyən yanlışlıqlar ortaya çıxdı. Hələ ki, bu yanlışlıq düzəlməyib. Adminstrasiya rəhbəri Ramiz Mehdiyevin işdən çıxarılması ilə paralel ordu rəhbərliyində də dəyişikliklər mütləq olmalıdır. Bundan sonra ordumuz daha da çevik, milli ideolji cəhətdən formalaşacaq. NATO standartlarına uyğun orduya keçəcək. Xüsusilə şimal qonşumuzun müəyyən təsirlərini zəiflətmiş olar. Prezident İlham Əliyev bu dəyişikliklərlə Rusiya ilə qonşuluq əlaqələrinə üstünlük verməklə, daha da Avropa İttifaqı və ABŞ -la əməkdaşlıqda maraqlı olduğunu göstərir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir