Hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
“Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib”.
AYNA xəbər verir ki, bunu “Report”a qurumun Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib: “Müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ölkənin hər yerində gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.
“Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ki, ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən 199 saylı “Çağrı” mərkəzi ilə əlaqə saxlasınlar”, – T.Mustafayev əlavə edib.