“Sabah”ın baş məşqçisi İqor Ponomaryovun müsahibəsini təqdim edirik.
– “Sabah” Premyer Liqanın 10-cu turunda səfərdə “Qəbələ”yə qalib gəldi. Matçla bağlı fikirlərinizi bilmək istərdik.
– “Qəbələ”nin evdə necə oynadığını bilirdik. Ona görə də hər şeyə hazır idik. Rəqibin pressinq edəcəyini gözləyirdik. Düzü, topa yiyələnməyə və oyuna diqtə etməyə daha tez sahib çıxa bilərdik. Bunun üzərində işləyəcəyik.
– Komandanız fasiləyə məğlub yollanmışdı. Amma ikinci yarıda iki qol vuraraq qalib gəldiniz. Maraqlıdır, fasilədə uşaqlara nə dediz?
– Xüsusi bir şey yoxdur. Uşaqlar başa düşdü ki, hələ heç nə itirilməyib. Qalib gəlmək üçün hələ 45 dəqiqə vaxtlarının olduğunu anlayırdılar. Döyüşkən ruhu itirmədiklərinə, əksinə, daha aktiv oynadıqlarına görə uşaqlara təşəkkür edirəm.
– “Sabah”ın bu qələbə sayəsində “qara zolaq”dan çıxdığını demək olar?
– Əslində həmin “qara zolaq” beş tur öncə bitdi. Biz beş turda 8 xal toplamışıq. Uşaqlarda özlərinəinam yaranıb, bütün komanda yaxşı durumdadır. Onlar təslim olmurlar, hər oyunda qələbə üçün sona qədər mübarizə aparırlar.
– Növbəti turdakı rəqibiniz “Sumqayıt”dır. Bu turu da qələbə ilə başa vura biləcəksiniz?
– Elə “Qəbələ” ilə görüşdən sonra psixoloji olaraq “Sumqayıt”la oyuna hazırlaşmağa başladıq. Fiziki mənada isə məşqlərimiz dünəndən başlayıb. “Sumqayıt”la görüşə də bundan əvvəlki oyunlara hazırlaşdığımız kimi hazırlaşırıq. Yəni, adi qaydada.
– 11-ci turdan sonra çempionatda iki həftəlik fasilə yaranacaq. Komanda qələbə qazanmağa başlamışkən bu fasilənin sizə necə təsiri olacaq?
– Bizim əsas millidə üç, gənclər yığmasında isə iki oyunçumuz çıxış edir. Bu fasilənin komanda üçün müsbət olacağını demək, çətindir. Digər tərəfdən isə millidə oyunçularımızın oynaması klub üçün fəxr olunası məsələdir. Onlar “Sabah”ı təmsil edirlər. Müsbət tərəf odur ki, zədəli oyunçularımız öz zədələrini sağalda bilərlər.
– Ehtimal var ki, mövsüm sonuna kimi baş məşqçi vəzifəsində qalasınız, yoxsa yeni baş məşqçi gələcək?
– Şərh vermək istəmirəm.
– “Qarabağ”ı çıxmaq şərtilə demək olar ki, bütün komandaların şansları eynidir. Alınacaq ardıcıl 2-3 qələbə ilə liderlər qrupuna düşmək mümkündür. “Sabah” bu cür şansdan istifadə edə biləcək?
– Biz bu yöndə çalışırıq. Həm oyunumuzu yaxşılaşdırmaq, həm də daha çox xal qazanmaq, yuxarı pillələrə yüksəlmək yönündə çalışmalarımız davam edir. (Sportinfo)