Sosial

Pensiyalar artırılır, amma ortada başqa problem var

Önəmli olan artımlar deyil, həmin gəlir artımlarının inflyasiyanın yeminə çevrilməməsidir

 

Hesablama Palatası 2020-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı rəyində maraqlı bir müqayisə verib. 2013-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği, pensiyaçılar üçün yaşayış minimumunun 181.4%-nə bərabər olub. Yəni orta pensiya ala bilən şəxs özünün minimum istehlakını ödəyəndən sonra aldığı pensiyanın 81.4%-i də cibində qalırmış.

 

Amma 2019-cu ildə həmin nisbət 167.8%-ə enib. Bu nisbətin azalması ona görə baş verib ki, 6 il ərzində qiymətlərin artımı gəlirlərin artımını xeyli üstələyib. Bu fakt, əslində 6 ildə pensiyaçıların həyat səviyyəsinin pisləşdiyini göstərir – baxmayaraq ki, həmin dövrdə aldıqları pensiyaların nominal məbləği xeyli artıb.

 

Bu rəqəmlərin nə dərəcədə etibarlı olması, minumum istehlak səbətinin dəyərinin nə qədər etibarlı şəkildə indeksləşdirildiyi ayrı mövzudur. Əsas odur ki, rəsmi statistika pensiyaçıların gəlirlərinin alıcılıq qabiliyyətinin xeyli azaldığını göstərir.

 

Bu, həm də onu göstərir ki, pensiyaların, maaşların nə qədər böyük məbləğdə artırılması önəmli deyil, önəmli olan həmin gəlir artımlarının inflyasiyanın yeminə çevrilməməsidir.

 

Rəydə göstərilir ki, minimum pensiyaların 1 ildə az qala artdığı şəraitdə belə, 2020-ci ildə orta pensiya-yaşayış minimumu nisbəti 186.6% olacaq. Yəni ən yaxşı halda 2013-cü ildəki səviyyəyə yaxınlaşacaq.

 

Bu statistika həm də büdcə xərclərinin niyə kəskin artığının sadə cavabıdır – büdcəni inflyasiya böyüdüb…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir