İdman

AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar – ARAŞDIRMA

Azərbaycan vətəndaşları futbol məşqçisi olmaq üçün ölkə daxilində və xaricdə təşkil olunan kurslara qatıla bilərlər.

“Report”un araşdırmasına əsasən, AFFA-nın “C” kateqoriyalı məşqçi kursları ilk dəfə 2006-cı ildə təşkil olunub. UEFA-nın “B” kursu 2005-ci, UEFA-nın “A” kursu isə 2007-ci ildə start götürüb. UEFA-nın “Pro” kursu ilk dəfə 2011-ci ildə keçirilib. 2017-ci ildən isə AFFA tərəfindən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədilə “D” kateqoriyalı məşqçi kursuna başlanılıb.

Ötən müddət ərzində AFFA-nın təşkil etdiyi kurslara qatılanlardan 23-ü “Pro”, 88-i “A”, 176-sı “B”, 257-si “C” lisenziyası alıb. Onların sırasında Azərbaycanla yanaşı, xarici ölkə vətəndaşları da var. Bu baxımdan, milli assosiasiyanın təşkil etdiyi kurslardan daha çox bəhrələnənlər türkiyəlilərdir. “Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak, “Bakı” və “Xəzər Lənkəran”a rəhbərlik etmiş Cüneyt Biçer, eləcə də Murat Yoldaş və Yüksel Kepoğlu “Pro” lisenziyasına yiyələniblər. Sebahattin Tekin, Mehmet Ak, Uğur Kulaksız, Oktay Ocak “A” lisenziyası, Mehmet Ali Keskiner, Özgür Ataçocuğu, Murat Çölbəyi, Osman Hayrettin, İsmayıl Kurt, eləcə də Türkiyə millisinin və “Beşiktaş”ın sabiq futbolçusu İbrahim Üzülməz “B” lisenziyası alıblar. Cenqiz Cihad, İskəndər Eroğlu, Taner Savut və Murat Ekitaş isə “C” lisenziyası götürüblər.
AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAHəmçinin, AFFA-nın təşkil etdiyi kurslarda AZAL-ın sabiq idman direktoru ingiltərəli Daril Uillard “Pro”, “Qarabağ”ın fiziki hazırlıq üzrə bolqarıstanlı məşqçisi Çudomir Çakarov, Bakının “İnter” (hazırkı “Keşlə”) klubunun Müşahidə Şurasının sabiq sədri, almaniyalı Yohann Enqbrext isə “B” lisenziyası alıb.

AFFA-nın maarifləndirmə üzrə direktoru Aslan Kərimov “Report”a deyib ki, bir şəxsin futbol məşqçisi sənətinə yiyələnməsi üçün onun oyunçu karyerasının olması şərt deyil: “Əlbəttə, belə bir təcrübənin mövcudluğu məşqçidən ötrü üstünlükdür. Ancaq peşəkar futbolçu karyerası olmayanların da böyük uğurlara imza atdıqlarını görmüşük”.

46 yaşlı mütəxəssisin sözlərinə görə, kurslara yazılmaq üçün standart sənədlər və ödəniş tələb olunur: “Bura ərizə, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında arayış, 2 ədəd fotoşəkil (3×4), hər kurs üçün müvafiq ödəniş tələb olunur. “C” kateqoriyası üçün məhkumluq haqqında arayış da təqdim edilməlidir. Burada söhbət pedofilliyə görə məhkumluğun olub-olmamasını dəqiqləşdirməkdən gedir. UEFA bu şəxsləri kursa götürməməyi tövsiyə edir. Çünki “C” lisenziyasını alan şəxs uşaqlarla işləyəcək”.

AFFA-nın məşqçi kurslarına qatılmaq istəyən 18 yaşına çatmış şəxslər onlayn şəkildə (http://www.affa.az/index.php/ctimaiyyt/mqilr/how-become-a-coach/249) müraciət edə bilərlər. Həmçinin milli assosiasiyanın +994 12 404 27 77 (daxili: 11-30) nömrəsi ilə əlaqə saxlayaraq, kurslara yazılmaq olar. Məşqçi kursları ilə bağlı elanlar mütəmadi olaraq AFFA-nın rəsmi saytında yerləşdirilir. Kurslara başlamaq üçün bir sıra sənədlər və ödəniş tələb olunur. Ödəniş qarşılığında iştirakçılar geyim, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. “C” və “B” kateqoriyalı kurslarda, eləcə də lisenziyaların yenilənmə kursları zamanı AFFA-nın Futbol Akademiyasında eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir. “A” və “Pro” lisenziyası üçün kurslarda isə otaq mütləq təqdim olunur.
AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAKurslarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

AFFA “C” kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Məhkumluq haqqında arayış; 3. Şəxsiyyət vəsiqəsinin surəti; 4. Sağlamlıq haqqında arayış; 5. 2 ədəd fotoşəkil (3×4)

Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. “C” kursunun müddəti cəmi 15 gün təşkil edir.

Kurs iştirakçıları polo köynək, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. Kurs ilə eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir.

UEFA “B” kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; 3. Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3×4); AFFA “C” lisenziyanın surəti

Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. “B” kursunun müddəti 3,5 ay təşkil edir.

Kurs iştirakçıları polo köynək, alt-üst idman kostyumu, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. Kursla eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir.

UEFA “A” kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3×4); UEFA “B” lisenziyanın surəti

Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. “A” kursunun müddəti fasilələrlə 5-6 ay dəvam edir.

Kurs iştirakçıları otaq, polo köynək, alt-üst idman kostyumu, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar.
AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAUEFA “Pro” kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3×4); UEFA “A” lisenziyanın surəti

Minimum yaş həddi 28-dir. “A” lisenziyası qüvvədə olmalıdır (müddətin uzadılmasından 3 ildən az müddət keçməlidir). “A” lisenziyasını ən azı “3” qiyməti ilə almalıdır. Premyer Liqa, I Divizion klublarında, Premyer Liqa klublarının əvəzedici komandasında və ya milli komandalarda ən azı 2 illik iş təcrübəsi olmalıdır.

Təxminən, 1 il 4 ay sürən kurs ərzində iştirakçı öz maddi vəsaiti hesabına 3 praktika keçməlidir: 1 praktika hazırlıq dövründə, 2 praktika Qərbi Avropa klublarında (həftəlik dövr). Kursda iştirak üçün ödənişin məbləği 4000 manatdır. “Pro” kursu fasilələrlə 1 il davam edir.

Kurs iştirakçıları otaq, nümayiş və məşq paltarları, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar.

Lisenziyaların yenilənmə kursları

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3×4); Lisenziyanın surəti

Kursda iştirak üçün ödənişin məbləği “C” lisenziya üçün 100 manat, “B” lisenziya üçün 300 manat, “A” lisenziya üçün 500 manat, “Pro” lisenziya üçün 700 manat təşkil edir. Yeniləmə kursların müddəti 2 gündür (15 saat).

Kurs iştirakçiları qələm-dəftər, kurs ərzində gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. Kurs ilə eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir.

Bütün hallarda ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər. Ödənişlərdən əldə olunan vəsait təşkilati xərcləri qarşılamağa sərf edilir.

AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAA.Kərimov orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədi ilə “D” kateqoriyalı məşqçi kursunun 3 günü əhatə etdiyi və bunun üçün heç bir ödəniş tələb olunmadığını bildirib. Onun sözlərin görə, “C”, “B”, “A” və “Pro” lisenziyası üçün ödəniş etmək lazımdır: “C” kateqoriyalı məşqçi kursları 15 günü əhatə edir. “B”də isə 3,5 aya qədər çəkir. Çünki burada artıq söhbət reallığa əsaslanan öyrənmə prosesindən gedir. Bu lisenziyanı almaq istəyən məşqçinin komanda ilə iş təcrübəsi olmalıdır. “A” kateqoriyası 6 aya yaxın davam edir. Bu kurslara gələnlər, məsələn, U-17 və ya U-19-un Avropa çempionatının seçmə oyunlarını izləyib, təhlillər aparmalıdırlar. Rəsmi iş yerin olmasa belə, təminat verməlisən ki, hansısa U-17 və ya U-19 komandasını ən azı 3 dəfə məşqə, 1 dəfə oyuna çıxarmalısan. Məşq keçməsən, məşqçi ola bilməzsən. Bu, artıq aksiomdur. Kurs ərzində təcrübə aparmaq imkanın olmalıdır. Məsələn, məğlub durumda olarkən, 4-2-2 sxemindən 4-3-3 düzülüşünə necə keçəcəksən? Lövhə üzərində hər şey əla ola bilər, “Barselona”nı da udarıq. Ancaq reallıqda bunu edib-edə bilməyəcəyini yalnız iş başında görmək mümkündür. “Pro”da isə tələblər daha yüksəkdir. Burada adətən, 7 modul olur. Sonuncuda isə 8-ci modul da əlavə olundu. Kurs iştirakçıları DÇ-2018-in oyunlarını analiz edərək, imtahan verdilər”.

A.Kərimov deyib ki, Azərbaycanın əsas milli komandasının heyətində ən azı 1 oyun keçirən futbolçuya avtomaik olaraq “C” lisenziyası verilir: “Lakin biz həmin şəxslərə tövsiyə edirik ki, onlar qeyri-rəsmi də olsa, kurslarda iştirak etsinlər. Bu, sabiq milli üzvlərinin özləri üçün faydalıdır”.

Gənc mütəxəssis AFFA-nın növbəti “Pro” kateqoriyalı məşqçi kursunu müstəqil təşkil edəcəyini bildirib: “İndiyə qədər AFFA-nın keçirdiyi UEFA-nın “Pro” kurslarında Avropa futbol qurumundan gələn mütəxəssislər də iştirak edirdilər. Lakin sonuncu kursdan sonra etimadı doğrultduğumuz üçün bu işi müstəqil şəkildə reallaşdırmağımıza icazə verildi”.

AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAƏvvəlki illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu “C” lisenziyası kimi qəbul edilirdisə, artıq buna icazə verilmir. Ancaq A.Kərimovun sözlərinə görə, hazırda AFFA ilə ADBTİA arasında danışıq gedir: “Bizim akademiyada tələbələrə kurs keçməyimizi və buna uyğun olaraq, məzunlara “C” lisenziyası verməyimizi istəyirlər. Ancaq vaxt məsələsi var, çatdırıb-çatdırmayacağımızı bilmirik. Ona görə də bu təklif hələ açıq qalıb”.

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu olan A.Kərimov onu da bildirib ki, hazırda il ərzində AFFA tərəfindən 5-6 dəfə “C” lisenziyası, 1 dəfə “B” və “A” lisenziyası almaq üçün kurslar təşkil olunur. “Pro” kursları isə 3 ildən bir olur. Həmçinin 6-7 dəfə “D” lisenziyası üçün kurslar baş tutur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir