Kriminal

Həbsdən çıxmış kişi arvadı haqqında deyilən sözdən dəliyə döndü – Azərbaycanda şok cinayət

Quba rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bəhram Cəfərov əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb.

2008-ci ildə quldurluq və xuliqanlıq ittihamı ilə mühakimə olunub və 8 il 6 ay azadlıqdan məhrum edilib. 2015-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Həbsdən azad olunduqdan sonra Quba rayonu, 1-ci Nügədi kəndində məskunlaşıb. Elə sonuncu cinayəti də Quba rayonunda törədib.

O, təxminən 2018-ci ilin sentyabrın əvvəllərində Quba şəhərindəki bazar ərazisində yerləşən “Dalğa” kafesində tanışı, 1986-cı il təvəllüdlü Səxavət Hüseynovla birlikdə spirtli içki içib.

İçki məclisində söhbət zamanı Səxavət Hüseynov Bəhram Cəfərovun arvadı Samirə (ad şərti verilib – red.) haqqında xoşagəlməz ifadələr işlədib. Səxavət Hüseynov əvvəllər onun arvadını sevdiyini, amma həmin qadının valideynləri evlənmələrinə razı olmadığını deyib.

Bundan sonra Samirə başqa bir kişi ilə ailə qurub. Amma uşağı olmadığı üçün boşanıb və Bəhram Cəfərova ərə gedib. Səxavət Hüseynov bu sözləri deməklə Bəhram Cəfərovu qıcıqlandırıb.

Oktyabrın 26-da saat 18 radələrində Qubanın H.Əliyev prospektində bazarın yaxınlığında Səxavət Hüseynovla Bəhram Cəfərov yenidən rastlaşıb. Səxavət Bəhramın arvadı barədə eyni ifadələri yenidən işlədib.

Bundan əsəbləşən Bəhram Cəfərov Səxavət Hüseynovu öldürmək qərarına gəlib. Həmin gün o, niyyətini həyata keçirmək məqsədilə Səxavət Hüseynova heç kimin görə bilməyəcəyi kənar əraziyə, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən kafelərin birində birlikdə yemək yeməyi təklif edib.

Onlar birlikdə taksi ilə Qəçrəş kəndi istiqamətinə yollanıblar. Yolda Bəhram Cəfərov “Fovarit” marketin qarşısında avtomobili saxladıb və marketə daxil olub. O, marketdən bıçaq alıb.

Daha sonra həmin taksi ilə Quba-Xınalıq yolunun Qəçrəş kəndi ərazisindən keçən hissəsində yerləşən “Roman” kafesinə gəliblər. Birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətə düşdükdən sonra kafedən çıxıblar, birlikdə Xınalıq kəndi istiqamətində piyada bir qədər hərəkət ediblər.

Ətrafda kimsənin olmadığı bir yerdə Bəhram Cəfərov Səxavət Hüseynovu öldürmək məqsədi ilə üzərində olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 3 zərbə endirib.

Daha sonra Səxavət Hüseynovun öldüyünü zənn edib və oradan birbaşa yaşadığı evə gəlib. Bir qədər sonra Quba rayon polis şöbəsinə gedib, könüllü olaraq təqsirini boynuna alıb, Səxavət Hüseynovu öldürdüyünü bildirib.

Səxavət Hüseynov bıçaqlandığı yerdə halsız vəziyyətdə gecəni səhərə qədər qalıb. Ertəsi gün saat 8 radələrində həmin ərazidən keçən bir nəfər şəxs onu qanlı vəziyyədə görüb və təcili tibbi yardım briqadası çağırıb. Səxavət Hüseynova ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Bəhram Cəfərovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Bəhram Cəfərov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Bəhram Cəfərovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Bəhram Cəfərovun şikayəti təmin olunmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir