Biz Paşinyanların cavabını vermək arzusundayıq. Bizimkilər isə Paşinyalara sual verməyin qəhrəmanlıq olduğuna dair kampaniya aparırlar.
Bu Qarabağ probleminin həllinə nə cür töhfə verə bilər?
Məsələ ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Redaktor.az-a danışıb.
A. Aslanlı hesab edir ki, özünü düzgün analiz və lazımı məqamda tənqid edə bilməyən fərdlər və cəmiyyətlər inkişaf edə bilməzlər:
“Bizdəki ab-havada məğlubluq kompleksinin izləri var. Məğlub olmaqla məğlubluq kompleksi ilə yaşamaq fərqli şeylərdir. Halımıza baxın: sual verməyin qəhrəmanlıq olduğunu mübahisəsiz qəbul edib, ən yaxşı halda kimin daha yaxşı sual verdiyini, yəni kimin “daha yaxşı qəhrəman olduğunu” müzakirə edə bilirik. Yanlış anlaşılmasın. Əsla, Ermənistan rəsmilərinə sual verilməsini tənqid etmirəm. Bu, Ermənistan rəsmilərinə sadə azərbaycanlılar tərəfindən ilk sual verilməsi hadisəsi deyil. Sosial şəbəkələrdə yazılanlardan belə aydın olur ki, daha öncə də bu cür təşəbbüslər olub, sonuncu da olmamalıdır. Sual vermək hər kəsin hüququdur. Maraqlı sual vermək bilik və mədəniyyət, qarşı tərəfi çətin vəziyyətə salmaq və qarşı tərəfin məqsədinə nail olmasına mane olmaq isə ustalıq tələb edir. Bunu bacaranlar sağ olsunlar. Amma sual verməyin qəhrəmanlıq olduğuna dair təbliğat aparmaq, hətta buna məqalə və verilişlər həsr etmək, bu istiqamətdə ölkədaxili (xaricə hesablanmış deyil, məhz ölkədaxili təbliğat baxımından) rəqabət aparmaq xoş deyil. “Sən yaxşı sual vermədin, mən yaxşısını verəcəm yarışı” mənzərənin xoş olmadığının göstəricilərindəndir”.