Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı Anton Çexovun “Ayı” pyesi əsasında eyniadlı tamaşa hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dilində hazırlanan yeni səhnə əsəri Amiran Şalikaşvili adına Gürcüstan Dövlət Pantomima Teatrında tamaşaçılara təqdim olunub.
Tamaşanın rejissoru, teatrın bədii rəhbəri Turqay Vəlizadədir.
Səhnə əsərində rolları T.Vəlizadə ilə yanaşı, teatrın aparıcı aktrisaları Leyla Qasımova və Aida Tağıyeva canlandırıblar.
Tamaşanın əsas süjet xəttini borc məsələsi üzərində qurulan gərgin münasibətlər təşkil edir.
Həyat yoldaşının vəfatından sonra qəm-qüssə içində yaşayan mülkədar Yelena İvanovna Popovanın evinə qəfil Qriqori Stepanoviç Smirnov gəlir. O, Yelenadan vəfat etmiş ərinin ona olan borcunu dərhal qaytarmağı tələb edir. Mülkədar qadın Smirnovdan müəyyən müddət möhlət istəyir, qonağı ədəbsiz, nəzakətsiz və ayı adlandırır. Eyni zamanda, qulluqçu Lukaya qəfil qonağı evdən çıxarmağı əmr edir.
Borc qaytarılmadıqda tərəflər duelə çıxır. Smirnov qadını silahla necə rəftar etməyi öyrədir. Elə bu zaman o, İ.Popovaya sevgi etirafı edir. Qadın Smirnovdan çıxıb getməsini tələb etsə də, sonda onun sevgisini qəbul edir.
Əsər böyük maraq və alqışlarla qarşılanıb.