““Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” dekabr ayının sonunda hazır olacaq”.
Bunu AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, hazırda lüğət çap olunur və hazır olduqdan sonra kitabxanalara paylanacaq: “Lüğətdən 1000-ə yaxın söz çıxarılıb və 4000-dək yeni söz əlavə olunub. Bəzi qondarma sözlər var ki, onlar lüğətdən çıxarılıb. Bundan başqa, müxtəlif fonetik variantı olan eyni sözün təkrarı çoxdur. Məsələn altın- altun, tələmtələsik -təlmətələsik. Yaxud qaboy-qoboy, qırov-qrov. Bunlar eyni sözdür, amma iki fonetik variantı verilib. Belə sözlər lüğətdən çıxarılıb. Sonra abituriyentli, abituriyentsiz sözləri də çıxarılıb, çünki bizdə belə söz yoxdur. Acıdilolma, ağartısızlıq, abzasdanbaşlama da ayrıca müstəqil sözlər deyil. Ona görə belə sözlər lüğətə düşməməlidir və lüğətdən çıxarılıb”.
Direktor lüğətə daxil edilən yeni sözlərdən də danışıb: “Orfoqrafiya lüğətinə daxil olanlar yeni sözlərdir. Məsələn, feysbuk, tvitter və s. Belə sözlər çoxdur. Lüğətə daxil edilən sözlər əsasən Avropa mənşəlidir. Amma özümüzə aid sözlər də var. Məsələn, uzadıcı və s. “.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 5 ildən bir hazırlanır.//Apa.az