İdman

Niyə xorvat məşqçiləri seçirik? – Bizimkilər danışır

Son illər Balkan ölkələrindən Azərbaycana gələn məşqçilərin sayında artım var. Xüsusən Xorvatiya iki məşqçi (Robert Prosineçki və Nikola Yurçeviç) müxtəlif vaxtlarda millimizi çalışdırıb və biri indi də  işləməkdədir.
Bu gün isə “Sabah” klubu rəsmən baş məşqçi vəzifəsinə Xorvatiyadan mütəxəssis gətirdiyini açıqlayıb. 45 yaşlı Jelko Sopiç  məşqçi ilə 1.5 illik müqavilə bağlanıb. Geniş futbol ictimaiyyətinə çox da tanış olmayan Sopiç ölkəsində müxtəlif vaxtlarda baş məşqçi köməkçisi, baş məşqçi (eləcə də Birləşmiş Ərəb Əmirliklərində) çalışıb.

Bəs, bizim futbol sistemi nə üçün Xorvatiyadan  olan məşqçilərlə çalışmağa əhəmiyyət verir?
Qol.az saytının müxbiri mövzu ilə bağlı “Sabah”ın idman direktoru Emin Abbasov və futbol agenti Erkin İbrahimova müraciət edib.
E.Abbasov deyir ki, komandalarının inkişafında Xorvatiya modelinə üstünlük verirlər: “Ötən mövsümün nəticələrinə görə, “Sabah” ölkə uşaq futbolu liqalarında ən yaxşı nəticə göstərən klub oldu. Bu gün ölkədə uşaq futboluna diqqət yetirən klublardan danışırıqsa, “Sabah” bu sırada öncüllərdəndir. Bu məqsədlə akademiyamıza “Dinamo” Zaqrebdən mütəxəssislər dəvət olunub. Niyə “Dinamo” Zaqreb sualını verirsizsə, cavabı aydındır. Çünki bu klubun akademiyası dünyada adından söz etdirib. Düşünürük ki, onların metodikasından faydalanmaq “Sabah” üçün xeyirli olacaq. Əsas komandamızın baş məşqçisinin də “Dinamo” sistemindən çıxmış biri olması da klubun strategiyası üçün önəmli amildir. Yəni, biz bütün xətt üzrə Xorvatiya modelinə üstünlük veririk”.
Erkin İbrahimov isə Balkan məşqçilərini yaxşı tanıdığını, onların inandırmaq bacarıqlarının yüksək olduğunu deyib: “Azərbaycanda Balkan ölkələrindən ən çox futbolçuları mən daşımışam. Həm də mən serb dilində rahat danışıram. Şəxsən mənə bu regionun məşqçiləri, futbolçuları ilə işləmək daha rahatdır. Məşqçilərə gəldikdə isə, deyə bilmərəm ki, Balkan məşqçiləri digər ölkə məşqçilərindən kəskin fərqlənirlər. Sadəcə, onlarda 2 güclü cəhət var. Birincisi adaptasiyadır. Bu regionun insanları istənilən şəraitə çox tez alışırlar. Onlar nəinki Azərbaycan, istənilən ölkəyə gəldikdən 2-3 gün sonra ölkənin siyasi durumuna kimi hər şeyi öyrənirlər. Bir də adamı inandırmaq bacarığını qeyd edə bilərəm. Həm də onlarda bir-birinə kömək etmək xüsusiyyətləri də var”.
E. İbrahimov Balkan ölkələrinin futbolda lobbisinin çox güclü olduğunu bildirib:
“Onlarda lobbi çox güclüdür. UEFA-da, FİFA-da mühüm postları tuturlar. Bu lobbi ölkəmizə Balkan məşqçilərinin gətirilməsinə təsir edə bilər. Dəqiq detalları da bilmək lazımdır. Ancaq bunu deyim ki, onların əlaqələri çox yaxşıdır. Baxırsan ki, istənilən ölkədə təmsilçiləri var. Məsələn, “Sabah”ın yeni baş məşqçisi Dubayın ən adlı-sanlı klubundan gəlib. Elə bir çempionat, region yoxdur ki, orada Balkan mütəxəsisləri olmasın. Onlar özlərini çox yaxşı sırıya bilirlər. Tarixən mentalitetləri belə olub. Yəni, özlərini təqdim edə bilirlər. Baxırsan ki, tam uğurlu məşqçi deyil, ancaq ona elə don geyindirirlər ki. Yəni, onların xasiyyətlərini çox yaxşı bilirəm. Bir klub rəhbəri olsun, ya başqa biri olsun, onları ofsunlaya bilərlər. Ancaq mən onları elə yaxşı tanıyıram ki, mənə edə bilməzlər. Onların mentalitetinin xırdalığına kimi bələdəm və bilirəm ki, ağızlarından çıxan söz hansı mənanı ifadə edir. Belə deyim, Azərbaycana gələn bir çox məşqçilərin gəlməyi məndən asılı olsaydı, bura gələ bilməyəcəklərdi”.
O, Azərbaycana gələn Balkan məşqçilərinin bir çoxunun heç ölkələrində də uğurlu sayılmadığını söyləyib: “Balkan menecerlərlə işləyirəm, görüşürəm. Ölkələrinə gedirəm, gəlirəm. Balkan futbolunun bir çox aparıcı fiqurlarını da tanıyıram. Yenə deyirəm, sadəcə olaraq, onlar futbolu bir az dərindən bilməyən, futbolda təcrübəsi olmayan adamı bir saniyəyə ofsunlayarlar. Bura gələn bir çox məşqçiləri nəinki mən, heç öz ölkələrində də uğurlu saymırlar. Məsələn, Pantiçi misal çəkim. Pantiç bu gün hardadır? Ümumiyyətlə, bu adam məşqçi deyil. Amma “Bakı”ya gəldi, milyonlar qazandı. “Bakı”dan sonra nə elədi, hardasa işləyibmi? Mənim yadıma gəlmir. Belə misallar çoxdur(gülür).”
Menecer son olaraq, “Sabah”ın yeni baş məşqçisi Sopiçdən danışarkən tanımadığını da əlavə edib: “Federasiyanın Balkan menecerlərlə münasibətinin bu təyinatlarda nə dərəcədə rol oynayıb? Bunu rolu ola da, olmaya da bilər. Onsuz da hər transferin, məşqçi təyinatının arxasında insan münasibətləri dayanır. Təbii ki, kiminsə kimlərlər münasibəti var ki, bu transferlər, məşqçi təyinatları baş tutur. Qaldı ki, “Sabah”ın baş məşqçisi Sopiçə. Bəlli məsələdir ki, klubun “Dinamo Zabreq” klubu ilə əməkdaşlığı var və bu əməkdaşlıq çərçivəsində məşqçi gətirilib. Uğurlu olub-olmayacağını deyə bilmərəm. Amma açığı, mən Balkan futboluna çox yaxşı bələd biri kimi, Sopiç tanımırdım. Mənim üçün gözlənilməz oldu”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir