Noyabrın 15-dən etibarən “Azəristiliktəchizat” ASC payız-qış mövsümü ilə bağlı istilik sistemini işə salıb.
Redaktor.az xəbər verir ki, sistemin işə salınmasına baxmayaraq bəzi binalara hələ də istilik verilməyib. Bakıda və bölgələrdə problemlə bağlı narazılıqlar var.
Məsələ ilə bağlı açıqlama verən “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev bildirib ki, narazılıqların heç bir əsası yoxdur:
“Elə bir bina yoxdur ki, ora istilik verilməsin. “Azəristiliktəchizat”ın bütün qazanxanaları, məntəqələri tam gücü ilə işləyir. Bizə də belə şikayət xarakterli müraciətlər daxil olur. Əməkdaşlarımız operativ şəkildə yoxlama aparırlar. Məlum olur ki, istiliyin olmaması fərdi problemlərdən qaynaqlanır. Kiminsə qonşusu borunu kəsib, radiator işləmir, təmir zamanı istilik sistemi düzgün quraşdırılmayıb və s”.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə müəssisəsi və 1300-dən çox digər sosial obyektlər istiliklə təmin edilir.