İdman

“Gənclərə şans verməliyik, qorxmaq lazım deyil” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib. O, komandanın son turlardakı nəticələrindən, qış fasiləndə heyətdə baş verə biləcək dəyişikliklərdən və digər mövzulardan söhbət açıb.

– Son turda “Qarabağ”a 2:1 hesabı ilə qalib gələrək rəqibinizə bu mövsüm ilk məğlubiyyəti yaşatdınız.

– Son illərdə “Qarabağ”ı məğlub etmək çox çətindir. Onları məğlub etməyi keçən il təkcə “Neftçi” bacarmışdı. Bu da “Qarabağ”ın gücündən xəbər verir. Həqiqətən də “Qarabağ” sabit komandadır, uyğunlaşmış heyəti, təcrübəli futbolçuları var. Bu, bizim üçün böyük qələbədir. “Qarabağ”ı məğlub etmək “Sumqayıt” üçün və heyətdə çıxış edən gənc futbolçular üçün böyük qalibiyyət idi.

– Oyundan öncə futbolçuları matça kökləməyinizin qələbəyə təsiri oldumu? Özünüz qeyd etmişdiniz ki, əsas psixoloji hazırlıqdır.

– “Qarabağ”la əvvəlki oyunları analiz edəndə görürdüm ki, rəqibin adı komandaya təsir edir. Onlar öz oyunu ilə meydanda bunu sübut edirlər. Topla yaxşı rəftar edirlər, rəqibə oynamağa imkan vermirlər. Futbolçularımı bu dəfə məğlub olsaq belə, meydançada inamlı olmağa hazırlamışdım. Həm də bilirsiniz, Sumqayıt şəhərinin 70 illiyi idi. Bunlar hamısı məsuliyyətdir. Açığı, sırf qalib gələcəyimizi gözləyirdim desəm, yalan olar. Amma məğlub olmayacağımıza inanırdım. Oyuna yanaşmamızdan hiss edirdim ki, ən azı 1 xal qazana bilərik.

– Hazırda 17 xalla 4-cü pillədəsiniz. İkinci pillədən sizi cəmi 4 xal ayrır.

– “Qarabağ” kimi komandalara qalib gələndə həm azarkeşlər, həm futbol ictimaiyyəti bizim yuxarı pillələrə layiq olduğumuzu deyir. Mən oyunçularımı bu cür təzyiq altında saxlamaq istəmirəm. Yuxarı pillələrdə – ilk 3-lükdə olmaq üçün vaxt lazımdır. Mən “Sumqayıt”a gələndə rəhbərliyə əzmkar komanda yaratmağa, gənclərə üstünlük verməyə, bacardığımız qədər yüksək pillələr üçün mübarizə aparmağa söz vermişəm. Ancaq dəqiq hansısa bir pillə üçün bir söz verməmişəm. Düzdür, yuxarılarda olsaq, nə yaxşı. Bu gün futbolçularımı hər oyuna məğlub olmamağa kökləyirəm. Son oyunlarda hesabda geri düşsək də, axıra qədər mübarizə aparırıq. Futbolçularımda da o istəyi görürəm. Ola bilər ki, hansısa oyunda məğlub olaq, ancaq futbolçuların ruhdan düşməməyi məni sevindirir. Çünki keçən illərdə hesabda irəli olanda qol buraxdıqdan sonra komandada ruh düşkünlüyü yaranırdı. Bu gün Premyer Liqada bəzi oyunçularımız debüt edirlər, inkişaf edirlər, milli komandaya çağırılırlar. Hələ ki məqsədimiz budur.

– “Qarabağ”a ilk məğlubiyyətini yaşatdınız. Görünür ki, 2-cilik uğrunda əsas rəqibiniz hələlik “Neftçi”dir. Bəs onlarla necə, mübarizəyə hazırsınız?

– Mənə elə gəlir ki, bu gün çempionatda “Qarabağ” və “Neftçi”nin rəqibi yoxdur. Çünki onlar həm maddi baxımdan, həm də büdcə cəhətdən digər komandalardan seçilir. Əlbəttə, bu sadaladığımız şeylər meydanda vacib olmaya bilər. Bu komandanın büdcəsi böyük olduğu üçün qalib gəlməlidir deyə bir amil yoxdur. Digər komandalara baxsaq, müqayisə etsək, legionerlərin sayı baxımından bizdən üstündürlər. Amma onlarla mübarizə aparmaq olar. “Qarabağ” və “Neftçi”dən başqa, hamı bir-birinə yaxındır. Çempionat belə maraqlı gedir. Hər kəsi stabillik birləşdirir. Görürük ki, digər klublar ardıcıl qələbə qazana bilmirlər. Bu komandaların  bir-birinə yaxın olması çempionatımızdakı mübarizədən xəbər verir. “Neftçi” və “Qarabağ”dan başqa digər komandalarla mübarizə aparmaq olar.

– Son turda qalib gəlsəz də, heç bir futbolçunuz turun rəmzi komandasına düşməyib. Nəzərə alaq ki, hücumçunuz Peyman Babayi 2 qolla yadda qaldı.

– Bu, “İnStat”ın təhlilidir. “İnStat” yəqin ki, nəticələrə baxmır. Futbolçuların göstəricilərinə uyğun rəmzi komanda qurur. Belə baxsaq, “Neftçi” ilə oyunda məğlub olmuşduq, bununla belə həmin tur Mehdi Cənnətov rəmsi heyətdə yer almışdı. Premyer Liqamızın rəmzi komandasına ona cavabdeh olan şəxslər baxmalıdır. Məsələn, əgər Peyman Babayi bu gün 2 qol vurubsa, burada qalib gələn komandalara üstünlük verilməlidir.

– Sosial şəbəkələrdə bir çox azakeşlər “İnStat”ın təhlilindən narazılıqlarını bildirirlər.

– Ona görə deyirəm ki, Premyer Liqanın rəmzi komandasını idman saytları özləri seçməlidir. Saytlar öz göstəricilərini yaratmalıdır. “İnStat” nəticəyə görə baxmır. O, sırf oyunçuların göstəricisinə əsasən seçir. Məsələn, bu tur hansısa komanda məğlub olur, ancaq onun heyətində hansısa oyunçu göstəricisi o qədər yüksək olur ki, nəticədə rəmzi komandaya düşür. “İnStat”dan istifadə edən məşqçilər də bilir ki, oyunçu seçəndə görürsən ki, indeksləri yüksəkdir, amma analiz edəndə məlum olur ki, bu belə deyil. Ona görə “İnStat”ın rəmzi komandasına o qədər də çox önəm vermək lazım deyil. Bu, futbolçulara təsir etməməlidir.

– Ümumiyyətlə, hücumçularınız haqda nə düşünürsünüz? Bu mövsüm artıq Peymandan əlavə, Mehdi Şərifi də hazırda 5 qolla bombardirlər siyahsında birinciliyi bölüşür.

– Bu hal bizi sevindirir. Hücumçularıma da deyirəm ki, bununla kifayətlənmək lazım deyil, daha da yaxşısını etməlisiniz, rəqabətin içindəsiniz. Çempionatdakı digər komandalara da baxanda görürük ki, hər birinin heyətində 4-5 qol vuran oyunçular var. Sevinirəm ki, futbolçularımız qol vurmaqdan başqa, ötürmələrdə də yaxşıdırlar. Əlbəttə, hücumçunun işi qol vurmaqdır. Futbolçularımızın potensialına bələdik. Peyman Babayi ötən ildən heyətdədir, amma daha da inkişaf edib. İnkişaf edə-edə biz onda bu potensialı görürük. Mehdi Şərifi də komandaya yeni qoşulub. İnanıram ki, bu, onların axırıncı qolları olmayacaq və daim komandanın uğurları üçün bizə kömək edəcəklər.

– Bu amillər sizi ümidləndirirmi ki, “Sumqayıt” bu il nəhayət, medalçılar siyahısına düşə biləcək?

– Bu mövsümkü heyətlə ötən mövsümdəki arasında çox dəyişiklik var. Keçən il kubokun finalına qədər gəlmişdik. Son anda biz qalib gəlib, Avropa Liqasına düşə bilmədik. Əvvəlcə də dediyim kimi, “Neftçi” və “Qarabağ”dan  başqa digərlərinə qarşı sona qədər mübarizə aparacağıq. Buna inanıram, futbolçularımda o gücü görürəm. Avropa Liqasına kim gedəcək, onu sonda görəcəyik.

– Mətbuatda Mehdi Şərifini hansısa hərəkətinə görə cəzalandırdığınızla bağlı xəbər yayılmışdı. Olub belə bir şey?

– Mehdi Şərifinin yüngül zədəsi var idi. Ona görə risk etmədik. Bu, klubun içində olan şeylərdir. Ən çox fikir verdiyimiz komandada olan nizam-intizamdır. Bu hər futbolçuya şamil olunur. Kim qaydaları pozursa, o da cəzalandırılır.

– “Sumqayıt” statistikaya əsasən, bu mövsüm ən çox gənclərə şans verən komandadır. Yaşı 21-ə qədər olan və limitə düşən 5 futbolçudan da istifadə edirsiniz. Gənclərlə işləmək çətin deyil?

– Gənclərlə işləmək təbii ki, çətindir. Təcrübəli, hazır futbolçularla işləmək daha asandır. Çempionatın əvvəlində klub rəhbərliyi ilə qarşımızda olan məqsədi, büdcəni müzakirə etdik. Məqsədlərimizdən biri də bu mövsüm gənclərə daha çox üstünlük vermək idi. Bu gün də görürsünüz ki, 5 gənc futbolçunu da  oynadırıq. Onların sayı arta da bilər. Dəqiqələr baxımından onların meydanda olma müddəti digər klublarda oynadılan gənclərdən daha çoxdur.  Digər komandalara baxanda görürük ki, yalnız qələbə qazananda, sona 2-3 dəqiqə qalmış meydana gənc oyunçu buraxırlar. Dəqiqələrə əsasən, bizim 3-4 futbolçumuz stabil oynayır. Bunun özü bir məsuliyyətdir. Bu mövsüm Səbuhi Abdullazadə, Elvin Cəfərquliyev çempionatda debüt ediblər. Bundan əlavə, Səbuhi Abdullazadə 21 yaşlılardan ibarət milli komandaya çağırılıb. Hansı ki, yığmada özündən 3-4 yaş böyük futbolçularla oynayır. Bu futbolçular çox qısa zamanda əsas millidə oynaya biləcək futbolçulardır. Çünki belə gənclərə şans verməliyik, qorxmaq lazım deyil. Biz də ürəklə onlara inanırıq. Onlar da öz növbəsində məsuliyyəti dərk etməli, çox işləməlidirlər.

– Klubda maddi durum necədir? Məsələn, “Qarabağ”la oyuna görə komandaya mükafat verilibmi?

– Özümüzə xas büdcəmiz var. Statistika aparsaq, çempionatdakı 8 komanda arasında ən az büdcə bizdədir. Futbolçularımızla da müqavilə bağlanıb, şükür Allaha, vaxtında maaşları verilir.  Bu cəhətdən problemimiz yoxdur. Digər komandalarda legionerlər üstünlük təşkil edir. Onların da aldığı məvaciblər yüksəkdir. Büdcəmizə uyğun olaraq, futbolçular da öz öhdəliklərini yerinə yetirir. Mükafata gəldikdə isə, yaxın günlərdə rəhbərlik mükafatın olacağına dair söz verib.

– Qış fasiləsinə az qalıb, heyətdə hansı dəyişikliklər gözlənilir?

– Böyük bir dəyişiklik etməyi fikirləşmirəm. Hazırkı heyəti 1 mövsüm oynatmağı düşünürük.  Bizi qane edən, büdcəmizə uyğun futbolçu olsa, əlbəttə, qışda transfer edəcəyik. Mövqeyi də bizim üçün önəmlidir. Komandadan gedəcək futbolçulara  gəldikdə isə, əgər hansısa futbolçumuz şans qazana bilmədiyi üçün ayrılmaq istəyirsə, bu şəraiti də onun üçün yaradarıq. Həmişə futbolçularımızı fikirləşirik. Təbii ki, bütün oyunçuları oynada bilmirik, bu da normaldır. Deməli, həmin oyunçular rəqabətdə uduzur. Amma ümumən böyük dəyişiklik gözlənilmir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir