Azərbaycan dilinin orfoqrafiya lüğətinin 7-ci nəşri bu ilin sonuna kimi istifadəçilərin ixtiyarına veriləcək.
Bu barədə Lent.az -a filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu məlumat verib. Onun sözlərinə görə, lüğət nəşriyyata təqdim olunub: “Hazırda yeni orfoqrafiya lüğətini yığırlar, formata salırlar. Heç bir problem yaranmasa, dekabr ayının sonuna kimi nəşr olunacaq”.
M.Nağısoylu onu da bildirib ki, yeni lüğətdə 97 mindən artıq söz yer alıb: “Lüğətə 4 minə yaxın yeni söz əlavə edilib, amma bununla yanaşı, çıxarılan sözlər də var.
Məsələn, irq adları əvvəlki lüğətdə yox idi, indi salınıb. Bəzi unudulan sözlər var idi. Məsələn, “uzaq”, “ora” kimi sözlər lüğətdə yox idi. Dilimizə 6 ildə çoxlu yeni sözlər daxil olub. Həmin sözlər də lüğətdə yer alıb”.
Dilşünas, professor Buludxan Xəlilov isə bildirib ki, yeni lüğətdə fellərin yazlışı əsasan bir variantda verilib: “Məsələn, , “yazmaq”, “yazdırmaq” kimi fellər, sadəcə məsdər formasında verilib. Lüğətdə vaxtilə elmi ictimaiyyətin geniş müzakirəsinə səbəb olan sözlər, qaydalar hamısı ənənəvi qaydada saxlanılıb. Məsələn, qoşasamitli sözlər, alqı-satqı kimi sözlərin hamsısı əvvəlki kimi qalıb”.
B.Xəlilov onu da bildirib ki, 1975-ci ildən indiyə kimi nəşr olunan orfoqrafiya lüğətlərinin girişində sözlərlə bağlı qaydalar yer almırdı: “Yeni lüğətdə isə 61 maddədən ibarət ümumi qaydalar da girişdə yer alıb. Bu qaydalar indiyə kimi çap olunmuş lüğətlərdəki sözlərlə bağlı olan mövcud qaydalardır. Bəzən cəmiyyətdə belə fikir yaranır ki, qaydaların verilməsi lüğətdəki dəyişikliklə bağlıdır, amma belə deyil. Sadəcə olaraq, indiyə kimi olan nəşrlərdə qaydalar lüğətdə verilmirdi. Həmin qaydalar ona görə verilir ki, lüğətdən istifadə edənlər girişə baxsınlar və qaydaların təlimatına uyğun yazıya əməl etsinlər. Yəni qaydaların lüğətdə verilməsi istifadəçilərin yazı ilə bağlı məsuliyyətini artıracaq”.