Manşet

Başlamadan nəticəsiz qalan görüş – Tərəflər hansı mesajı verdi?

Bratislava görüşü başlamadan nəticəsiz qaldı.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Slovakiyanın paytaxtı Bratislavada keçirilən görüşünü təhlil edib.

Təhlildə bildirilib ki, bu, iki ölkənin xarici işlər nazirlərinin 2019-cu ildə 5-ci görüşüdür:

“Əvvəlki 4 görüşdən nəticə əldə edilməmişdi. Nazirlərin görüşündən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib. Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT və digər beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həllini məqbul sayır. Yəni münaqişə mərhələli şəkildə həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğala son qon qoyulmalıdır. Sənəddə bildirilir ki, həll prosesinin növbəti mərhələsi Konstitusiya və qanunvericiliyimizə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsi əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir”.

Təhlildə Bratislavadakı görüşdən əvvəl rəsmi Bakının belə bir bəyanat yayınlanmasının səbəblərinə də aydınlıq gətirilib:

“Bu, o deməkdir ki, Azərbaycan Ermənistanın heç bir şərtini və istəyini qəbul etməyəcək. Ermənistan hakimiyyəti də Bratislava görüşünə özünəməxsus şəkildə hazırlaşıb. Bratislava görüşündən bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yenə Dağlıq Qarabağa gəldi. Orada separatçılarla fikir mübadiləsi apardı, Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşdü. Bu azmış kimi, Paşinyan Dağlıq Qarabağın “xarici işlər naziri” Masis Mailyanı dekabrın 3-də İrəvana çağırdı. Paşinyan Bratislava görüşündən bir gün əvvəl iqamətgahında Ermənistanın və Dağlıq Qarabağın “xarici işlər naziri” ilə birgə görüş keçirdi”.

Təhlildə Paşinyanın Xankəndində görüşdən bir gün sonra Mailyanı yenidən İrəvana çağırmasının səbəbləri də açıqlanıb:

“Birinci səbəb odur ki, bununla Paşinyan hamıya göstərir ki, onunla Qarabağ separatçıları arasında münaqişə və fikir ayrılığı yoxdur və separatçılar onunla hesablaşırlar. İkinci səbəbi isə odur ki, Paşinyan “üçlü” görüş keçirməklə Bakıya və beynəlxalq aləmə mesaj göndərir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı separatçıların maraqlarına cavab verməlidir və İrəvanın bu mövqeyi Bratislavada bir daha səsləndiriləcək. Bunun özü göstərir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratisladavakı görüşü başlamadan nəticəsiz qalıb”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir