Azərbaycan artıq Ermənistana cəbhədə zərbələr endirməlidir.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Qarabağla bağlı son çıxışlarına münasibət bildirib.
Politoloq hesab edir ki, Məmmədyarovun qeyd etdiyi strateji dözüm limitinin bitməsi üçün beynəlxalq şərait uyğun olmalıdır:
“Bu şərait olanda sülh danışıqları digər yollarla əvəzlənə bilir. Hər bir halda Azərbaycan bu illər ərzində iqtisadi və hərbi sahədə quruculuq işləri gördü. Bu gün Azərbaycan ən müasir silahlara malikdir. Erməni ekspertlər özləri də bildirir ki, Azərbaycan istəsə, nəinki Qarabağ və ətraf rayonlara ümumiyyətlə, İrəvana qədər gedib çıxar. Elmar Məmmədyarovun istər Bratislava görüşündən öncə, istər görüşdən sonra, istərsə də CBC-nin müxbirinə verdiyi müsahibədə artıq açıq şəkildə Ermənistan tərəfinin görüşlərdə heç bir konstruktivlik nümayiş etdirməməsini, Paşinyan hökumətinə ümidlərin puça çıxmasını, sülh şəraitində məsələnin həllinə dair fikirlərin puç olduğunu açıqlaması bir çox məqamlardan xəbər verir. Eyni zamanda çox təəssüflər olsun ki, hətta humanitar məsələlərdə də (Dilqəm və Şahbaz məsələsi) olan razılaşmaları Paşinyan sonradan inkar etdi. Yəni bütün bunlar göstərir ki, Ermənistan hətta humanitar aspektdə belə Azərbaycana münasibətdə öz qəddarlığı və qeyri-humanist addımları ilə seçilməkdədir”.
Politoloq vurğulayıb ki, insan amilində, humanitar məsələlərin həllində Ermənistan tərəfi konstruktivlik nümayiş etdirmirsə və beynəlxalq hüququ pozursa, o zaman digər sahələrdə də ondan konstruktivlik gözləmək əbəsdir:
“Ermənistan rəsmilərinin açıqlamaları da onu göstərir ki, onlar müdafiə sistemlərinin yenidən qurulmasında maraqlıdır. Onlar bu haqda son zamanlar daha da çox düşünməkdədirlər. Bu o deməkdir ki, işğalçı qüvvə heç Qarabağ ətrafındakı rayonlardan da bir neçəsinin qaytarılması iqtidarında deyillər. Bu durum regionda 2020-ci illərin ortaları və 2021-ci ilin əvvəllərində barıt çəlləyinin partlaması ilə nəticələnə bilər. Biz ümumdünya erməni diasporasının və Ermənistan dövlətinin öz havadarları ilə son zamanlar Azərbaycana qarşı təzyiq və təsirlərini də artırmağa çalışdıqlarının şahidi olmaqdayıq. Bütün bunlar fövqündə Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığın daha da güclənməsi çox yaxşı olardı. Eyni zamanda Rusiya-Türkiyə münasibətlərinin bu qədər yaxşı olduğu vaxtda Türkiyə tərəfindən Qarabağ məsələsinin tez-tez gündəmə gətirilməsi olduqca vacibdir. Rəsmi Ankara rusiyalı rəsmilərlə görüşlərdə heç olmasa, ətraf rayonlarla bağlı məsələləri müzakirə edə bilər”.
Politoloq qeyd edib ki, Azərbaycan coğrafi cəhətdən kiçik olmasına baxmayaraq, hər bir halda ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində öz iqtisadi və hərbi potensialını artırmağı bacarıb:
“Bizim ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ikinci tərəfdən də asılıdır. İkinci tərəf artıq Azərbaycandan digər yollarla zərbələr almalıdır. Vəziyyət bunu tələb edir. Elmar Məmmədyarovun son açıqlamalarında çox açıq danışması, sülh danışıqlarının nəticəsiz olmasına aydınlıq gətirməsi onu göstərir ki, Azərbaycan artıq Bratislava görüşü və Lavrovun Bakı səfərindən sonra müəyyən nəticələr çıxarıb. Bu nəticələr əsasında bundan sonrakı siyasətimizi quracağıq. İndiki mərhələdə Azərbaycan öz qarşısına qoyduğu məqsəd üzrə qarşısındakı maneələri aradan qaldıraraq, cəbhədə öz sözünü deməyi bacaracaq”.