Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Lent.az -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, Balakən rayon Mərkəzi Xəstəxanasına biri azyaşlı olmaqla 5 nəfər müraciət edib:
“Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib”.
Qeyd edək ki, hadisə dünən axşam saatlarında baş verib. Kənd sakini, 53 yaşlı Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu – 32 yaşlı Əhməd Bağmanovu güllələyib. Atəşdən sonra ətrafa yayılan qırmalar Əhmədlə bərabər biri azyaşlı olmaqla daha üç nəfəri yaralayıb.
Əlavə edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Güllələnən Ə.Bağmanov bir neçə gün əvvəl Rusiyadan qayıdıb.