Çin əlavə rüsumlara məruz qalmayacaq Amerika məhsullarının ikinci siyahısının ilk hissəsini elan edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Çin Dövlət Şurası nəzdində fəaliyyət göstərən Gömrük rüsumları və tariflər üzrə komitəsinin bəyanatına əsasən, bu tədbirlər dekabrın 26-da qüvvəyə minəcək və bir il qüvvədə qalacaq. Rüsumlara məruz qalmayacaq Amerika məhsullarının ikinci siyahısının ilk hissəsinə ağ yağ (xam neftin fraksiyalaşması yolu ilə əldə edilən karbohidrat qarışığından ibarət şəffaf maye), mikrokristallik qida parafini, yüksək sıxlıqlı polietilen, metallosen, etilen-propilen sopolimer və bir sıra digər materiallar daxildir.
Bəyanatda Gömrük rüsumları və tariflər üzrə komitənin əlavə rüsumlardan azad ediləcək məhsulların yeni siyahısını tərtib edəcəyi və ikinci siyahının ikinci hissəsinin vaxtında elan edəcəyi bildirilir.
Xatırladaq ki, ABŞ və Çin dekabrın 13-də ticarət sövdələşməsinin birinci fazası üzrə razılığa gəlib. Birləşmiş Ştatların ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer əldə olunan sazişin Amerika məhsullarının Çinə ixrac həcmini ikiillik dövr ərzində 200 milyard dollaradək artırmağa və ABŞ-ın ticarət kəsirini azaltmağa imkan verəcəyini deyib.
Ticarət nümayəndəsinin sözlərinə görə, Çin məhsullarına azaldılmış Amerika rüsumları sazişin imzalanmasından 30 gün sonra qüvvəyə minəcək.