Dekabrın 23-də müasir müstəqil Azərbaycanın tarixində növbəti bələdiyyə seçkiləri günüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Sonra birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.
(Yeni 10:16)
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.
Nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.
Seçki məntəqəsinin sədri İmran Cəmiyev “Report”a bildirib ki, O.Şirəliyev Bakı vaxtı ilə saat 09:15 radələrində öz səsini verib.
Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin seçici siyahısında 1320 nəfərin adı var. Səsvermə başlayandan indiyə qədər təqribən, 80 nəfər səs verib.
Bu məntəqədə 5 nəfər qeydiyyatdan çıxıb, 5 nəfər qeydiyyata düşüb. 18 yaşı yeni tamam olmuş seçicilərin sayı isə 10 nəfər təşkil edir.
Seçki prosesini yerli müşahidəçilər izləyirlər.
Xatırladaq ki, məntəqə Qərbi Kaspi Universitetinin binasında yerləşir.
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Saat 8.00-da 118 seçki dairəsində 5049 seçki məntəqəsi açılıb. Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 7 dairədə bələdiyyə yoxdur.
Səsvermədə seçki hüququ olan 4 972 356 vətəndaş iştirak edə bilər.
1606 bələdiyyə üzrə 15 156 yer uğrunda 41 462 namizəd mübarizə aparır.
Namizədlərin üçdə biri 13 partiyanın nümayəndələridir: Yeni Azərbaycan, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı, Demokratik Maarifçilik, Sosial Demokrat, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət və Respublikaçılar partiyaları.
Aparıcı müxalifət partiyaları ölkədə ədalətli seçki kampaniyası üçün minimum şəraitin olmadığını, həmçinin bələdiyyələrin real səlahiyyətlərinin olmadığını hesab edərək bələdiyyə seçkilərində iştirakdan imtina ediblər.
MSK-nın məlumatına görə, seçkilərdə 52 636 yerli və 17 beynəlxalq müşahidəçi akkreditə olunub.
1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və online yayım aparılır.
Səsvermə saat 19.00-da başa çatacaq. Bələdiyyə şuralarında yerlərin sayı bələdiyyənin əhalisindən asılı olaraq 5 ilə 19 arasında dəyişir. Bələdiyyə seçkilərində kvorum yoxdur. Ən çox səs toplayan namizədlər seçilmiş sayılırlar.
İlkin rəsmi nəticələr səsvermə başa çatdıqdan sonra beş gün ərzində MSK tərəfindən elan ediləcək.