ABŞ-ın 2020-ci il hərbi büdcəsində Gürcüstana 132 milyon dollar miqdarında yardımın edilməsi nəzərdə tutulub.
Rəsmi Tbilisi bu vəsaitin Gürcüstan–ABŞ münasibətləri tarixində ölkəyə ayrılan ən böyük vəsait olduğunu bildirib.
Qeyd edək ki, Gürcüstan XİN ABŞ-ın müdafiə büdcəsində, həmçinin qondarma Abxaziya və Cənubi Osetiyanı tanıyan ölkələrə maliyyə yardımının qadağan edildiyini vurğulayıb.
Maraqlıdır, ABŞ-ın müdafiə büdcəsində Dağlıq Qarabağla baglı belə bir qadağa varmı?
Siyasi şərhçi Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında ABŞ-ın bu məsələdə ikili münasibət sərgilədiyini deyib:
“Abxaziya, Cənubi Osetiya, Dnestr və ya Donbass separatçılarına bir cür münasibət bəsləyirlər. Onlarla heç bir əlaqə saxlamırlar. Amma Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə fərqli münasibət var. Konqres bəzən onlara maliyyə yardımı da ayırır. Eyni zamanda Dağlıq Qarabağ separatçılarının liderləri Avropa və Amerikanı rahat şəkildə gəzir. Amma bir dəfə də olsun eşitmərik ki, Donbass, Abxaziya, Cənubi Osetiya liderlərini harasa dəvət etsinlər. Yəni separatçıları iki yerə – yaxşı və pis olaraq bölüblər. İkili münasibət bəsləyirlər. Təssüflər ki, Konqres də bu ikili münasibəti davam etdirir. Əslində, Qarabağ separatçılarının digər separatçılardan heç bir fərqi yoxdur. Ona görə də bu ikili standart ilk dəfə deyil ki, sərgiləyirlər və bu siyasətlərindən də əl çəkmirlər”.