Manşet

Uşaqların beynini zəhərləyənlər cəzalandırılacaq – Qanun qüvvəyə minir

“Burada konkret məsuliyyətlər nəzərdə tutulub və artıq kiminsə məsuliyyətdən yayınması mümkün olmayacaq”

 

Ötən günlərdə Prezident İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Qanunun icrasında dövlət orqanları arasında səlahiyyət və vəzifələrin bölüşdürülməsi ilə bağlı fərman verib. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elgün Səfərovun sözlərinə görə, sözügedən qanuna uyğun yeni mexanizmlər yaradılır: “Əvvəllər uşaq hüquqlarının müdafiəsində, pozulma hallarında başqa müvafiq qanunlara müraciət edirdiksə, indi konkret qanunun olması və onun qüvvəyə minməsi bizim də işimizi asanlaşdıracaq. Artıq qanunla tənzimləmə daha dəqiq aparılacaq. Burada konkret məsuliyyətlər nəzərdə tutulub, artıq bu məsələdə kiminsə məsuliyyətdən yayınma halı ola bilməz”.

 

“Qanunda hərtərəfli yanaşma var, söhbət beynəlxalq standartların, konvensiyanın tətbiqindən gedir. Burada internetdə, onlayn resurslarda, mediada, audio-vizual məkanda, sosial şəbəkədə, mobil aplikeyşnlardakı informasiyalardan söhbət gedir. Burada tək yaş həddinin təsnifatı məsələsi deyil, daha ciddi məsələlər əksini tapıb”, – Səfərov əlavə edib.

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov da AYNA-ya şərhində, sözügedən qanunun üstünlüklərindan danışıb: “Əslində, Şura illərdir, qeyd olunan məsələni diqqətə saxlayırdı. Biz telekanallardakı neqativ, zərərli informasiyalara qarşı davamlı tədbirlər görürük. Ölkə rəhbərinin qanunun icra mexanizmi ilə bağlı qurumlara səlahiyyətləri verməsi işimizə məsuliyyəti bir az da artırdı”.

 

“Yeni ildən etibarən qanunu pozan telekanalların cəzalandırılması halları arta bilərmi” sualına MTRŞ rəsmisi belə cavab verib: “Fəaliyyətimiz müddətində televiziya qurumlarına saysız xəbərdarlıqlar, şikayətlər üzrə məhkəmələr, telekanalların cərimələnməsi, cəzalandırılması faktları olub. Qanun zərərli informasiya yayanları 5 min manatdan 8 min manatadək cərimələmək imkanı verir. Misal üçün, sonuncu belə işlərdən biri “Space”də müğənnilərin söyüşləri ilə bağlı fakt idi ki, kanala 6 min manat cərimə kəsildi. Biz qanunla bağlı maarifləndirmə üçün həm Şura daxilində, həm də telekanal rəhbərləri ilə toplantılar keçirmişik. Yeni ildə hər kəsin üzərinə ciddi məsuliyyət düşür, bilsinlər ki, artıq qanundan yayınma halları qaçılmaz olacaq”, – deyə N.Cavadov vurğulayıb.

 

Məlumat üçün qeyd edək ki, sözügedən qanunda zərərli informasiya dedikdə bu məsələlər nəzərdə tutulur:

– Zorakılığı və qəddarlığı təbliğ edən informasiya;

– Cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

– Uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;

– Ailə institutunu nüfuzdan salan informasiya;

– Əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;

– Pornoqrafik xarakterli informasiya.

 

Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya isə aşağıdakılar aiddir:

– zorakılığı və qəddarlığı nümayiş edən informasiya;

– qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;

– qorxu məzmunlu informasiya;

– erotik məzmunlu informasiya.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir