80-ci illərdə bütün bölgəni təsiri altına almış İran-İraq müharibəsindən indiyədək İranın bu bölgədəki təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsində önəmli rol oynamış Qasım Süleymani İranın son 10 ildə Livan, İraq, Suriya, Qəzza və Yəməndə fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) 2020-ci ilin yanvarın 3-də Bağdadda həyata keçirdiyi hücumda öldürülmüş İran İnqilab Keşikçilərinin Qüds qüvvələrinin rəhbəri Qasım Süleymani ibtidai sinifi bitirib və sonralar tikintidə fəhlə kimi çalışıb.
1956-cı ildə İranın cənub-şərqində Əfqanıstan sərhəddinə yaxın yerləşən Rabort kəndində anadan olmuş Süleymani 19 yaşında ikən İranın Ali Dini Lideri Ayətullah Əli Xameneyinin müridlərindən birinin mühazirələrinə getməyə başlayır. Daha sonra isə o, Xameneyi ilə birbaşa əlaqə qurur.
Bir neçə il sonra İran İslam İnqilabı baş verdikdən sonra Xameneyi liderlik əldə edir, Süleymani isə İnqilab Keşikçiləri Korpusunun önəmli şəxslərindən biri olur.
İran-İraq müharibəsində cəbhədə döyüşdükdən sonra o, uzun müddət Əfqanıstan sərhədindəki qüvvələrin rəhbəri kimi fəaliyyət göstərir.
90-cı illərdə Taliban İranın şərq sərhədlərində daha sıx fəaliyyətə başlayanda Tehran Səudiyyə Ərəbistanını və Pakistanı günahlandırır.
Xameneyi 1998-ci ildə İnqilab Keşikçilərinin ən qüvvətli qolu olan Qüds qüvvələrinin başına Süleymanini gətirir.
Qüds qüvvələrini İran İnqilabından sonra İranın təsirini bölgəyə yaymaq üçün təşkil olunmuşdu.
Qasım Süleymaninin Qüds qüvvələrinə rəhbər gətirilməsindən sonra bu birləşmə bütün bölgədə kəşfiyyat aparan, xüsusi əməliyyatlar həyata keçirən, sadəcə dövlətlərlə deyil, həmçinin digər qruplarla da yaxın münasibət quraraq fəaliyyətini geniş tutan silahli gücə çevrilir.
Qasım Süleymani ilə bağlı New Yorker nəşrinə şərh verən İran rəsmilərindən biri belə deyib:
“İclaslar zamanı otağın bir küncündə səssizcə oturar, danışmaz, şərh verməz, sadəcə dinlər. Ancaq həmin vaxt ərzində otaqdakı hər kəs onun nə düşündüyünü düşünərdi”.
2018-ci ildə Maryland Universitetinin İraqPoll-la birlikdə apardığı sorğuya görə, Qasım Süleymani 83 faiz səslə İraqda “ən sevilən şəxs” olub.
Suriyaya şiə döyüşçülərini gətirən adam
Qüds qüvvələri və Qasım Süleymani son zamanlar döyüşçülər vasitəsiylə bölgədə təsirini artırıb.
Suriyada yaxın münasibətdə olduğu dövlət başçısı Bəşər Əsəd idarəetməsinə qarşı başlayan vətəndaş müharibəsində o, Əsəd tərəfdən döyüşmək üçün Əfqanıstan, İraq və Livandan şiə hərbi qüvvələrini Suriyaya göndərib.
O, vətəndaş müharibəsi boyunca bir neçə dəfə Suriyanın müxtəlif bölgələrində cəbhədə görünüb.
2014-cü ildən etibarən Suriyada Qüds qüvvələri əsgərlərinin dəfn mərasimi həyata keçirilib, İran mediası da bu mərasimləri işıqlandırıb.
2013-cü ilin iyun ayında Livan sərhədində Küseyrin Şam ordusu tərəfindən ələ keçirilməsi müxaliflərin 2 ildə böyük gəlirlər əldə etdiyi vətəndaş müharibəsinin yönünü dəyişdirən hadisə oldu.
Qasım Süleymaninin burada oynadığı rol isə Nəsrullahdan Hizbullah döyüşçülərini Küseyrə göndərməsini istəmək olub. Hizbullahın ilk dəfə Suriyada aktiv döyüşdüyü cəbhədə Əsəd böyük bir qazanc əldə etdi.
Süleymani Livandakı fəaliyyətini Hizbullah rəhbəri Həsən Nəsrullahla çox yaxın münasibət quraraq genişləndirmişdi.
Livandakı bir çox siyasətçi və mütəxəssis Livan siyasətinə və İsraillə olan qarşıdurmalara istiqamət verən təşkilatın Hizbullah olmadığını, birbaşa Qüds qüvvələri və Qasım Süleymani olduğunu bildirir.
Qasım Süleymani öldürülmüş Hizbullah komandirlərinin dəfn mərasiminə də qatılıb.
O, İranın dövlət televiziyasına verdiyi bir müsahibəsində 2006-cı ildə Livan-İsrail müharibəsi zamanı cəbhəyə gedərək Hizbullah döyüşçülərinə rəhbərlik etdiyini demişdi.
Fələstində İsrailə qarşı sərt münasibətiylə bilinən Həmas qruplaşmasıyla da yaxın münasibəti olub.
ABŞ-la aparılan danışıqlar
ABŞ 2001-ci ilin 11 sentyabrında New York-dakı hücumda Əl-Qaidəni məsul hesab etdikdən və Əfqanıstana qarşı hərbi əməliyyat keçirəcəyini açıqladıqdan sonra Cenevrədə İran və ABŞ rəsmiləri arasında görüşlər keçirilib.
Çünki həmin vaxt İran da Səudiyyə Ərəbistanına aid etdiyi bu birləşməyə qarşı Əfqanıstan sərhədində mübarizə aparırdı.
İran heyəti Qasım Süleymaninin rəhbərliyi ilə tapdıqları və Əl-Qaidəyə aid olduğunu düşündükləri bütün qruplaşmaların yerlərini amerikalılarla paylaşıb.
Bu məhdud müttəfiqlik ABŞ-ın 2003-cü ildəki işğalı zamanı başa çatıb. Bundan sonra Qüds qüvvələrinə bağlı olan Hizbullah Tuqayları, Mehdi Ordusu və hazırda Həşdi-Şəbinin əksəriyyətinin təşkil olunduğu şiə Bədir Tuqayları ABŞ işğalına qarşı mübarizə aparmaq üçün birləşdirilib.
İlkin mərhələdə İraqın sünni liderləri İrana qarşı 8 il ərzində mübarizə aparmış Səddam Hüseynin devrilməsi üçün ABŞ işğalına gizlincə dəstək versə də, Hüseynin edamından sonra ABŞ-a qarşı mübarizəyə başladılar.
2007-ci ildə iki ölkə arasında bir sıra danışıqlar aparıldı.
Bağdadda görüşən ABŞ və İran rəsmiləri İraqdakı dini qarşıdurmalarla necə mübarizə aparacaqlarını müzakirə etdilər.
Həmin danışıqlarda iştirak etmiş ABŞ-ın buradakı keçmiş səfiri Ryan Crocker BBC-yə verdiyi müsahibədə həmin danışıqlarda General Süleymaninin oynadığı gizli rolu belə izah edir:
“İran təmsilçisi davamlı fasilə verilməsini tələb edirdi. Səbəbini əvvəlcə anlamamışdım. Daha sonra başa düşdüm ki, özünün bilmədiyi məsələlərlə bağlı bir şey dediyim zaman Tehrana zəng edib, məsləhət alırdı. Təmsilçi Tehran tərəfindən ciddi təlimat alırdı. Telefonun o biri başındakı şəxs Qasım Süleymani idi”.
Süleymaninin 2010-cu ildə İrana yaxınlığı ilə tanınan Nuri Əl-Malikinin İraqda Baş nazir seçilməsində də təsiri olub.
Səudiyyə Ərəbistanının Yəməndəki əməliyyatlarına narazılıq edən İraqdakı nümayişçilər Qasım Süleymani və Husi lideri Abdulmalah əl-Husinin portretləri ilə etiraz edirlər.
Həşdi-Şəbinin arxasında duran güç
2014-cü ildə İŞİD-in Mosulu ələ keçirməsindən sonra iraqlı şiə lideri Əl-Sistani İŞİD-ə qarşı mübarizəyə çağırış etdiyində Qasım Süleymani bu çağırışı fürsətə çevirdi. O, İŞİD-ə qarşı döyüşmək üçün gələn gəncləri Həşdi-Şəbinin qruplarına qəbul edərək 50 mindən artıq döyüşçü əldə etdi.
O, Hizbullah Tuqayları və Bədir qrupunu da Həşdi-Şəbinin tərkib hissəsinə çevirə bildi. İŞİD-lə mübarizə zamanı Qasım Süleymani dəfələrlə İraq cəbhəsində görüldü.
Bədir qrupunun və Həşdi-Şəbinin rəhbəri Hadi Əl-Əmiri 2015-ci ilin martında Qasım Süleymani ilə münasibətləri barədə “Nə zaman ehtiyacımız olsa, ondan məsləhət alırıq, o da bizə kömək edir” demişdi.
2014-cü ildə ABŞ da beynəlxalq koalisiyanın bayraqdarı olaraq İraqda İŞİD-ə qarşı əməliyyatlara başlamışdı.
2015-ci ildə o zamankı Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri John Brennan Qasım Süleymaninin İraqda şiə hərbçiləri ilə birlikdə İŞİD-lə döyüşlərini idarə etməsini tənqid edərək “Süleymaninin İraqda İŞİD-lə mübarizəni çətinləşdirdiyini” demişdi.
“İranın İraqda önəmli bir rol oynamasının qarşısını alacağıq. Məncə, iraqlılarla birlikdə çalışaraq o rolu oynamağa can atırlar, lakin biz də iraqlılarla birgə fəaliyyət göstəririk”.
New York Times da İranın İraq üzərindəki təsirindən bəhs edilən məqaləsində “İranın beynəlxalq təhlükəsizliyi üçün önəmli hesab etdiyi İraq, Suriya və Livandakı siyasətinin İran İnqilab Keşikçiləri və ona bağlı özəl qruplaşmaların və Qüds qüvvələri tərəfindən formalaşdırıldığını” yazmışdı.
İraqda Həşdi-Şəbi hərbçilərinin də qatıldığı etiraz nümayişlərində ABŞ-ın Bağdaddakı səfirliyi hədəf seçilmişdi.
Qəzet İranda mövcud və keçmiş idarəetmədə yer almış mənbələrə istinad edərək İranın bu ölkələrə Xarici İşlər Nazirliyi yerinə İnqilab Keşikçilərinin tərkibində fəaliyyət göstərmiş şəxslərdən səfir yolladığını yazır.
Bu mənbələr İraqda İnqilab Keşikçiləri və kəşfiyyat fəaliyyətləri ilə məşğul olanların birgə fəaliyyət göstərdiklərini bildirir.
2018-ci ildə ABŞ ordusunun Yaxın Şərqdəki fəaliyyətinə məsul olan şəxslərdən Joseph Votel “harada İranın aktivliyini görsək orada Qasım Süleymanini görürük. Lideri olduğu Qüds qüvvələri də ən böyük təhlükədir” demişdi.
2019-cu ilin oktyabrında İnqilab Keşikçilərinin rəhbəri Hüseyn Taeb İsrail-Ərəb ortaq sui-qəsd qrupuna işləyən və Qasım Süleymanini öldürmək üçün planlar quran üç nəfərin saxlandığını bildirmişdi.
İsrail mediası yazır ki, mart ayında İsrailin Xarici İşlər naziri İsrael Katz “Qasım Süleymanini kökündən qazımağa çalışırıq” demişdi.
Avqust ayında İsrail Suriyada Qüds qüvvələrinin bazalarının olduğu deyilən bəzi hədəflərə doğru hava hücumları təşkil etmişdi.
Yenisabah.az