İranlı genaral Qasım Süleymaninin öldürülməsindən sonra dünya neft bazarında qiymətlər kəskin yüksəlib.
“CNBC” nəşri yazır ki, “Brent” markalı neft 2,3% bahalaşaraq 70,18 dollar olub.
WTI (West Texas Intermediate) markalı neftin qiyməti isə 2,1% artaraq 64,38 dollar təşkil edib.
Ekspertlərin hesablamalarına əsasən, İran tərəfinin qisas almaq istəyində olması və bu qisasın alınma forması dünya bazarında neftin növbəti aylar üçün qiymətini təyin edəcək.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, əgər dünya bazarında neftin qiymətinin qalxması Qasım Süleymaninin ölümü ilə bağlıdırsa, qısa müddətdə aradan qalxacaq.
Əgər İran Amerikadan qisas almaq fikrinə düşsə, yəni, İran və Amerika arasında müharibə başlasa, bəli, bu artıq dünya bazarında neftin qiymətinin bahalaşmasını iqtisadi cəhətdən əsaslandırmış olacaq. Amma inandırıcı deyil ki, indiki şəraitdə İran Qasım Süleymaninin ölümü ilə əlaqədar olaraq Amerikaya qarşı müharibəyə başlamaq fikrində olsun. Yəni, yaxın gələcəkdə neftin bahalaşmasına ciddi əsas yaranmayacaq. Həmçinin dəqiq deyil ki, neftin qiymətinin bahalaşması məhz bu hadisə ilə bağlıdır, sadəcə, hadisələr üst-üstə düşür. Həmçinin bu, bayram günləri ilə də əlaqədar ola bilər. Bilirsiniz ki, bayram günləri bütün bazarlar biraz səngiyir. Həmin müddətdə də birjalarda da alver zəifliyir və neftə ritmik tələbatı olan tələbatçılar çoxalır amma təklif azalır. Ona görə də neftin qiymətinin qalxması bununla da bağlı ola bilər. Hər halda hesab edirəm ki, bu psixoloji məsələdir. Düşünürəm ki, əgər başqa fors-major şəraiti yaranmasa mayın 15-dən sonra yenidən neftin qiyməti əvvəlki ritmə qayıdacaq. Fors-major şəraiti deyəndə, İran ilə Amerika arasındakı münaqişənin alovlanmasının müharibə şəraitinə keçməsini nəzərdə tuturam. Əlbəttə, bu inandırıcı deyil. Ona görə də növbəti həftədən neftin qiyməti sabitləşəcək.