Cəmiyyət

İşləmək istəyənlər üçün bu gün də Azərbaycanda iş var

Fəxri Ağayev yazır…

Peşəkar idarəçi olaraq qəti inanclarımdan biri odur ki, biznesi biznes edən ANCAQ insanlardır və şirkətin ən böyük və uzunmüddətli yatırımı məhz insanlara olmalıdır – onların axtarışı, kəşf edilməsi, adaptasiyası, təlimatlandırılması, motivasiya edilməsi, gücləndirilməsi və inkişafı.

Məhz bu inancıma əsaslanaraq uzun müddətlik rəhbər işlədiyim dövrdə işə alınacaq insanlarla görüşlərdə şəxsən iştirak edib buna böyük zaman ayırırdım.

Bu gün Azərbaycanda iş təkliflərinin az olması və işsizliyin olması ilə əlaqəli düşüncələri nəzərə alaraq, bu mövzuda bəzi fikirlərimi məqalə vasitəsilə paylaşmağa qərar verdim.

Klassik bir vəziyyət: insan iş axtarır, hər yerə CV göndərir, sənəd göndərdiyi şirkətlərin sayı artdıqca və getdiyi müsahibələrdən nəticə olmadığı müddətcə iş axtaran insanda iş tapacağına dair güvən azalır və bir müddət sonra insan hesab edir ki, ölkədə iş tapmaq çətindir.

Yazımın əsas hissəsinə başlamadan öncə bir neçə mühüm məqamları qeyd edim:

– bu gün də Azərbaycanda iş var;

– bu gün Azərbaycanda iş çoxdur;

– iş tapa bilməmək iki səbəbə bağlıdır – insanlar iş axtaranda səhvlərə yol verirlər və ya gözləntilər potensial və bilik, savad və təcrübə ilə müqayisədə yüksəkdir.

Təcrübəm göstərir ki, əksər hallarda işin tapılmamasında insanın özünün birbaşa çoxsaylı səhvləri olur.

İş axtaranların iş axtarırkən yol verdikləri səhv məqamlar bunlar olur:

– İlkin səhv CV-nin hazırlanmasında olur;

– Müsahibələrə dəvət edilən insanlar özləri də fərqində olmadan çox kiçik səhvlərə yol verirlər və bu mövzuda heç bir dəyişiklik etmədikləri üçün nəticə də eyni olur – işə alınmır insan;

– İnsan öz bilik və bacarıqları barədə yüksək fikirdədir və ona təklif ediləndən daha yüksək maaş gözləyir;

– İnsan bir neçə cəhddən sonra ruhdan düşür və “iş tapmaq mümkün deyil” düşüncəsinə qapılır.

İş axtarma prosesi

– İş tapmaq hər zaman çətin olub. İndi, yeni iqtisadi reallıqlarda daha da çətindir, çünki firmalarımız artıq çox insan deyil, fərqli işləri edə biləcək, inkişafa meyilli ən savadlı və bilikli insanı axtarırlar. Doğrusu da budur.

– “İş tapmaq” bir nəticədirsə, bu nəticəyə müəyyən addımların toplusu gətirəcək. Bu məsələyə bir proses olaraq baxın və əsas mərhələlər də bunlardır:

“CV hazırlama” + “CV göndərmə” + “Müsahibə”. Hər mərhələ mükəmməl olmalıdır ki, nəticə müsbət olsun (Bu mövzuda daha öncə yazılan məqalə “CV – Müvəffəqiyyətin başlanğıcı”  (https://oxu.az/society/306857);

– Ruhdan düşməyin. 3-5 yerə CV göndərməklə iş bitməz. Bir neçə şirkətə müraciət etməklə iş tapmaq ÇOX nadir bir haldır. İşinizi, karyeranızı və peşəkar inkişafınızı şansa buraxmaq istəmirsinizsə, belə etməyin. Yüzlərlə şirkətə müraciət etmək lazımdır ki, onların içindən maraqlı olanlar Sizi görüşə dəvət etsin;

– “Ofis işi “axtarmayın. “Ofis işi” dövrü bitib. Ölkədə pulun çox olduğu dövrlərdə hər kəs ofislərdə işləmək istəyirdi. O passiv işlər dövrü bitdi. Artıq aktiv insanların zamanıdır.

Təcrübə

– Təcrübəniz yoxdursa, Sizi işə alana qarşı minnətdarlıq hiss edin – Sizə işi öyrədəcək, üstündə hələ pul da verəcək. Qazanc olaraq təklif edilən məbləğə heç baxmayın – qazancınız təcrübədir

– Təcrübəniz yoxdursa, nə maaş versələr, qəbul edin. Düşünün ki, Sizə dərs keçirlər (universitetdə öyrədilməyənləri öyrədirlər) və ödəniş də edirlər. Sağ olsunlar. Siz oradan getdikdən sonra başınız və içindəki bilikləri də özünüzlə aparacaqsınız;

– Sizin məhsul – bilik, savad və təcrübəniz – keyfiyyətlidir, ancaq heç kim ona istədiyiniz qiyməti vermirsə, o zaman məhsulu potensial alıcılara tanıtmaq məqsədilə qiyməti endirin. Bu normal bir biznes yanaşmasıdır. İstədiyiniz maaşla işə almırlar? İlk müddət az maaşla, o da olmazsa, pulsuz işləməyi təklif edin!

“Özünüzü sübut etdikdən sonra istədiyiniz maaşı alacaqsınız. Bəs məni üç ay sonra çıxarsalar, nə olacaq?” TƏCRÜBƏ Sizə qalacaq! Təcrübə qazanmış olacaqsınız və bir sonrakı iş yerinə gedəndə “Təcrübəm var” demək şansını əldə edəcəksiniz.

Özünüzə sual verin

Hər gün özünüzə bu sualları verin:

– Məni digər, minlərlə iş axtaran insanlardan fərqləndirən nədir?

– Mən necə edim ki, CV-mi görən insan məni dərhal görüşə dəvət etmək istəsin?

– Mən müsahibədə necə danışım ki, güclü tərəflərim haqqında fikirlərim ümumi söz yığını arasında itməsin?

– Mən nə təklif edim ki, məni dəvət etsinlər işə?

– Sizin bilikləriniz satışa çıxardığınız məhsuldur. Bu məhsulun rəqabət üstünlüyü olmalıdır. Mənim rəqabət üstünlüyüm nədir?

Müsahibələrdə

– Əgər özünüz haqqınızda iki dəqiqə ardıcıl, sistemli və yadda qalacaq məlumat verə bilmirsinizsə, o zaman öncə bunu etməyi öyrənin. Danışıq qabiliyyəti olmayan insanın necə iş tapacağını ümid etdiyini anlamıram. Danışa bilmirsinizsə, məşq edin. Bir insan öz bilik və bacarıqlarını mənə sata bilmirsə, şirkətin məhsul və xidmətlərini müştərilərə necə satacaq, ətrafında olan iş yoldaşları və rəhbərləri ilə necə ünsiyyət quracaq?

– Nə qədər də yorğun və ruhdan düşmüş olsanız belə, müsahibədə Sizin oturuşunuz, duruşunuz, məlumat verməyiniz, səs tonunuz MÜSBƏT olmalıdır. Şirkətlərdə indi kifayət qədər neqativ və pessimist insanlar var. Artıq bir çox firma enerjili, dinamik insanları axtarır. Enerji Sizin gözlərinizdən axmalıdır. Şirkətə gedəndə enerji topuna çevrilin. İçinizdə göz yaşları axsa belə, insanlar Sizi müsbət görsünlər.

İş seçimi

– Ofis işi dövrü bitib. Artıq aktiv, maksimum dinamik insanların zəmanəsidir. Müsahibələrdə insanlara “Necə iş axtarırsınız?” kimi sadə bir sual veriləndə “ofis işi” cavabını almaq əksər hallarda o deməkdir ki, tənbələm, yerimdən tərpənmək istəmirəm və rahatlıq axtarıram;

– Satışda işləmək AYIB DEYİL. Satış biznesin LOKOMOTİVİ və aparıcı qüvvəsidir. Satışda işləmək BÖYÜK təcrübədir və şərəfdir. Daha da irəlisini deyim – satışda işləməmiş insanı, satış bacarığı və qabiliyyəti olmayan insanın rəhbər təyin edilməsini heç zaman dəstəkləməmişəm. Səbəbi isə çox sadədir – rəhbər belə öz şirkətinin imicini, tərzini və məhsullarını strateji səviyyədə təqdim edə bilməlidir;

– Müsahibələrdə əksər insanlar iş rejimi, saatları və maaşla maraqlanırlar. Bunlar ikinci dərəcəli məqamlardır. Mənim səmimi məsləhətim – sizi ÇOX işlədəcək və AZ maaş verəcək, amma daim inkişaf etdirəcək yerdə işləyin;

– İş axtararkən diqqət etməli olduğunuz TƏK BİR MƏQAM olmalıdır – rəhbər kimdir. Bir insanın peşəkar baxışlarının, vərdişlərinin və xüsusiyyətlərin formalaşmasında ən böyük rol rəhbərindədir. Əgər qarşınızda seçim varsa, 500 manat və 1000 manat maaşları olan işlər, amma birinci halda rəhbər müasir görüşlü, sərbəstlik verək, öyrətməyə meyilli bir insandırsa – o zaman o insanı seçin. Bu tərz rəhbərlə işləmək və onun komandasında olmaq, ondan bilik və təcrübə almaq ən böyük qazancdır.

Güclü olun

– Çox yerə müraciət etdiniz və yenə də alınmırsa, demək, yenə də haradasa problem var. Ruhdan düşməyin! Müvəffəqiyyət 3-4 cəhdin nəticəsi olsaydı, hər kəs müvəffəqiyyətli olardı;

– Həyatda çətinliklər olur və olacaq. Çırpının, vuruşun, çabalayın, amma batmayın. Heç bir zaman öz inkişafınızı durdurmayın. Ən dibə dəydiyiniz anda belə, heç bir şey olmamış kimi müsbət olun və öz üzərinizdə işləyin.

– Üç yerə müraciət etdiniz, alınmadı – 30 yerə müraciət edin. 30 yerdən cavab gəlmədi? Normaldır. 300 yerə müraciət etdin, amma əsla ruhdan düşməyin. Və paralel olaraq CV-nizi gücləndirin, onu bir peşəkara göstərin ki, səhvləri düzəltsin. Tanıdığınız üç nəfər mütəxəssisdən xahiş edin ki, Sizi dostca müsahibə edərmiş kimi təhlil etsin və səhvlərinizi desin;

Bu məsləhətləri yazan insan karyerasını tamamən sıfırdan başlamış biridir. Xaricdə, Türkiyədə, təhsil aldığım dövrlərdən iş həyatım başlayıb. Heç bir tanışım, qohumum, dostumun olmadığı bir ölkədə gənc bir insan olaraq iş axtarmaq MƏCBURİYYƏTİNDƏ idim. İş tapmamaq kimi şansım yox idi və yəqin ki, elə buna görə də bütün imkanlardan maksimum istifadə edirdim.

“Sıfırdan” başlayan karyeramla bu günə olan vəziyyətimə və imkanlarım gəldim. Amma yenə də o günlərimə minnətdaram. O dibdə olan pilləkənlər olmasaydı, çətinliklərim olmasaydı, mən güclənməzdim və bu günlərim olmazdı.

Hər kəsə peşəkar həyatında uğurlar arzu edirəm!

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir