Səhiyyə

İşsiz vətəndaşın icbari tibbi sığorta haqqını kim ödəyəcək – RƏSMİ CAVAB

“İşdən mənə dedilər ki, digər ailə üzvlərinin icbari tibbi sığortası işləyən ailə üzvündən tutulmalıdır”

 

Bu ildən ölkədə icbari tibbi sığortanın (İTS) tətbiqinə başlanılır. Bununla bağlı cəmiyyətdə müxtəlif suallar meydana çıxır. Məsələn, AYNA-ya müraciət edən vətəndaş Aydın Zeynalov bildirib ki, onlar ailədə üç nəfərdirlər: Özü, anası və həyat yoldaşı.

 

“Məndən başqa ailəmizdə heç kim işləmir. Anam da hələ pensiyaçı deyil. İşdən mənə dedilər ki, aylıq məvacibimdən icbari tibbi sığorta üçün 30 manat pul tutulacaq. Belə izah etdilər ki, digər ailə üzvlərinin icbari tibbi sığortası işləyən ailə üzvündən tutulmalıdır. Mən isə bununla razılaşmadım”, – vətəndaş deyib.

 

Məsələ ilə bağlı AYNA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, işləyən şəxslər yalnız özləri üçün sığorta haqqı ödəyəcəklər: “Ödəniş aprel ayından tətbiq ediləcək. İşləməyənlər, təqaüdçülər, uşaqlar isə dövlət tərəfindən sığortalanacaqlar. Artıq sığortaya daxil olacaq tibbi müalicə və müayinənin sıyahısı hazırdır. Siyahı rəsmi şəkildə təsdiqlənəndən sonra tətbiq olunacaq”.

 

Pensiya yaşına çatmayan, heç yerdə işləməyən vətəndaşların icbari tibbi sığortaya cəlb olunması isə aşağıdakı kimi müəyyənləşdirilib:

 

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, 2020-ci il yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.

 

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, misal üçün, vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa, 8000 manatın 2%-i, qalan 500 manatın isə 0.5%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq.

 

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

 

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

 

Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

 

İcbari tibbi sığorta haqlarının 1 aprel 2020-ci ildən toplanılması nəzərdə tutulur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir