Təhsil

Bu universitetimizi seçən qızlara 15 min manat, oğlanlara “Niva” verilə bilər — ŞƏRTLƏR AÇIQLANDI

Təhsil Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın yeni tədris ilində ilk səfəri Gəncədə baş tutub.
“Ölkə.Az” xəbər verir ki, şuranın məsul katibi İlqar Orucov öz təəssüratlarını AzEdu.az-la bölüşüb:
“İctimai Şura olaraq Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) olan səfərimiz payız semestr imtahanlarının başlaması ilə əlaqəli idi.  Səfər çox müsbət təəssüratlarla yaddımda qalıb.  Hesab edirəm ki,   biz bu təəssüratları  paylaşmaqla  ali təhsil müəssisənin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıra, digər tərəfdən də universitetlərimizin hamısı üçün  bir nümunə göstərə bilərik.  İctima Şuranın da əsas  vəzifəsi müsbət cəhətləri təbliğ etmək, mənfi halları, çatışmazlığı aşkarlamaq və digər məsələlərlə bağlı mövqe bildirməkdən ibarətdir.
ADAU  müxtəlif adlarla da olsa,  artıq 100 illik tarixi bir yol keçib. Bu il universitetin 100 illik yubileyi qeyd olunacaq. Əvvəllər “Gəncə Kənd Təəssərüfatı İnstitutu ” adı ilə çox mənfi imic qazanmış, neqativ işlərlə yadda qalmış bir institut indi müasir bir universitete çevrilib.
Təbii ki, universitetin bu dərəcədə dəyişməsində ölkə başçısının, Kənd Təsərrüfatı Nazirliyinin və  universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov böyük əmək,  əziyyət və səy nümayiş etdirib.  Universitetin yenilənməsi təkcə maddi texniki-bazası ilə kifayətlənilməyib, eyni zamanda müəllim kollektivi də yenilənib. 100 nəfərdən çox gənc müəllim burda işə qəbul olunub. Həmin müəllimlər  beynəlxalq dilləri bilir, dünyada gedən elm və təhsillə bağlı yeniliklərdən  xəbərdar və birbaşa əlaqədə olan insanlardır.  Bununla da universitetin bütövlükdə siması dəyişib”.
Şura üzvü  son illərdə universitetdə görülən işləri də diqqətə çatdırıb:
“Universitetin kitabxanası da xeyli zənginləşib.  Xatırlayırsınızsa, Lənkəran Dövlət Universitetində  dərsliklərlə bağlı ciddi narahatlıqlar mövcud idi. Lakin ADAU-da  xeyli sayda müasir dərsliklər yazılıb və həmin dərsliklər tələbələrə pulsuz verilib. Kitabxanalar da həmin lazımı vəsaitlərlə təmin olunub.  Onu da qeyd edim ki, universitetdə dünyanın nüfuzlu aqrar sahə üzrə olan təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri, referandumlar  imzalanıb, proqramlar yenilənib, Türkiyənin və Avropanın bir neçə universitetləri ilə  ikili diplom proqramları həyata keçirilib.   Universitetin kollektivi Azərbaycanın elmi ictimaiyyətinin bəhrələnə bilmədiyi  Avropa Birliyinin  müəllimlər üçün mübadilə  proqramlarına qoşulmaqda israrlıdır və bunun üçün çalışırlar. Azərbaycan,   ingilis, rus bölmələri üzrə tədris aparılır və ingilis sektorunda dili kifayət qədər yaxşı bilən müəllimlər fəaliyyət göstərir”.
O bildirib ki,  imtahanlar da 3 cür-yazılı, şifahi və test üsulu ilə keçirilir. Lakin məqsəd tələbədən  yazılı və şifahi imtahan götürən obyektiv müəllimlərin formalaşdırılmasıdır.
“Rektor mənə danışırdı ki, universitetdə elə müəllim var ki, elmi dərəcəsinə görə professordur, amma ona imtahan etibar etmək olmaz. Çünki həmin professor nüfuzunu itirib və ya imtahan götürərsə neqativ hallara yol verə bilər. Tədricən belə müəllimlərin yerini etibarlı gənc kadrlar tutur.  Artıq 20% tələbə  yazılı və şifahi imtahan verir ki, onlar bilavasitə tədris aparan müəllimlə ünsiyyətdə olur.  Burada müəllim tələbəyə, tələbə də müəllimə inanır.  Bundan əlavə imtahan otaqları kamera nəzarətindədir. Digər xoşagəlməz halların baş verməsinin ehtimalı belə yoxdur”.
İ.Oruclu ADAU-da reallaşdırılan çox müsbət təcrübəni də vurğulayaraq qeyd edir ki, görülən işlər nəticəsində artıq universitet özəl sektordan xeyli gəlir əldə edir.
“Bildiyiniz kimi aqrar sahə Azərbaycan üçün çox əhəmiyyətlidir. Universitetin 5000 tələbəsinin 70 % dövlət sifarişi əsasında təhsil alır. Yəni  digər universitetlərlə müqayisədə burada ödənişli təhsil daha azdır. Bu o deməkdir ki,   universitet  təkcə tələbələrin təhsil haqqı vəsaiti ilə pul qazanmır, burada təşkil olunmuş laboratoriyalar universitetə gəlir gətirir. Bu da yeni bir təcrübədir. Çünki  biz hər zaman bununla bağlı narahatlığımızı dilə gətiririk ki, Azərbaycan ali təhsil müəssisələri pul qazana bilmirlər. Yalnız dövlət vəsaiti hesabına onların büdcəsi formalaşır. Amma  Aqrar Universitet özəl sektordan böyük sifarişlər alır, laboratoriya şəbəkələri, təcrübə bazalarında saxlanılan heyvanların kəsimi və satışından pul qazanılır. Eyni zamanda  üniversitetin əkin sahələrində, istixanalarda yetişdirilən məhsulları satışa çıxarılır.  Düzü, mən bu təcrübəni Bolqarıstanda, Macarıstanda görmüşdüm.  Bu təcrübəni Azərbaycanda görmək çox müsbət bir tendensiyadır ki, universitetlər profillərinə, ixtisaslarına uyğun olaraq gəlir əldə edirlər. Təbii ki, bütün sadaladığımız  təcrübə sahələrində çalışanlar tələbələrdir.  Ən müasir texnikalar istifadə edilir. Biz universitetin rektoru ilə söhbət edəndə o bu texnikaların tələbələrin istifadə etməsində maraqlı olduğunu bildirdi. O deyirdi ki, tələbənin onu xarab etməyi, istismar etməyi problem deyil, təki texnikanı öyrənsin”.
O həmçinin universitetdə tələbə-müəllim, rəhbərlik-tələbə arasında olan dostluq münasibətinlərini, rəhbərlik tərəfindən təflik olunan maraqlı bir elanı da  vurğulayıb.
“Ən xoşuma gələn məqam universitet rəhbərliyi ilə tələbələr arasında olan dostluq münasibətidir. Biz tələbə şəhərciyində gəzərkən onlar  yüksək əhval-ruhiyyədə dostları ilə görüşürmüş kimi rektorla salamlaşıb-sağollaşır, söhbət edirlər. Onların arasında heç bir baryer yoxdur.  Çox təəssüflər olsun ki, biz universitetlərimizin əksəriyyətində bu cür münasibətlə  qarşılaşmırıq.  Amma hər kəs bilməlidir ki, universitet tələbə üçündür. Tələbə olmasa universitet də yoxdur.  Təssəvvür edin ki, 5000 min tələbənin az qala hamısını rektor adları ilə çağırır, tanıyır. Çox müsbət haldır ki, universitet yaxşı oxuyan, fərqlənən tələbələrə 200 manat,  orta qiymətlərlə oxuyan tələbərə isə 100 manat təqaüd verir. Universitet bu ildən maraqlı bir elan verib. Bu il 700 bal toplayan  qız abituriyentlər bu universiteti seçərsə, onlara 15 min manat,  oğlanlara isə “Niva” markalı avtomobil hədiyyə olunacaqdır. Belə təcrübələr xaricdə var. Bunu Azərbaycandan görmək çox sevindirici haldır”.
Şura üzvü bildirib ki, universitetdə yenidənqurma işləri hələ də davam etdirilir. Yeni korpuslar, yataqxana, kollec və peşə məktəbləri açılıb yaxud fəaliyyəti nəzərdə tutulur.
“5000 tələbəsi olan universitet ən müasir standartlara uyğun yataqxana kompleksi inşa edib.  Təxminən 4 ulduzlu oteller səviyyəsində olan yataqxanalardır. Yeməkxanalarda güzəştlər edilir,  yeməklər simvolik qiymətlərlə satılır. Təsəvvür edin ki, tələbənin burada bir günlük yaşamı 1 manata başa gəlir. İllik 300 manata tələbə burada yaşayır.   Bununla yanaşı, universitetin yeni tədris binaları inşa edilir, həmçinin universitetin nəzdində aqrar kollec yaradılır və peşə məktəbinin fəaliyyəti üçün işlər görülür.   Bütün bunlar çox vacibdir və universitetin maddi-texniki  bazası bütün bu işləri görməyə imkan verir. Yəqin ki, gələcək ildə həm peşə məktəbinin, həm də kollecin açılışını görəcəyik”.
O, universitetin daha bir vacib işini də diqqətə çatdırıb. Belə ki,  ADAU məzunların elektron izləməsini həyata keçirir. Tələbə universiteti bitirdikdən sonra onun fəaliyyətinin  necə olması ilə maraqlanırlar.
“Bu  təcrübə Azərbaycanda ilkdir. Biz hər zaman universittelərə tövsiyə edirdik ki, məzunlarımızın elektron izlənməsini həyata keçirək.  Diplom verdiyiniz gənclərin sonraki abiqəti necə olacaq? Bununla maraqlanmaq lazımdır. Məzunların iş tapmasında köməklik göstərilməsi, əmək bazarında özünə iş tapa bilən gənclər yetişdirilməsi məsələlərini Aqrar universiteti həyata keçirir.Ölkədə aqrar məhsullar istehsal edən “Gilan” holdinq kimi böyük şirkətlərlə əməkdaşlıq edirlər”.
“Biz İctimai Şura olaraq may ayında Gəncədə “Tədqiqat universiteti necə olmalıdır?” mövzusunda konfrans təşkil  etməyi planlaşdırırıq. Digər ali təhsil müəssisələrini də həmin konfransa cəlb etməyi düşünürük.  Eyni zamanda, mayda nəzərdə tutulan  səfərdə Gəncədə olan bütün ali təhsil müəssiələrinə və məktəblərinə gedəcəyik.  Əminəm ki, bizim gələcək illərdə aqrar sahədə olan kadrlarımız lazımı səviyyədə olacaqlar”- deyə məsul katib İ. Oruclu sözlərinə əlavə edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir