Günay Malikqızı yazır…
Yenidən parlament seçiləcək. Yəni əslində, namizədlər də, adi vətəndaşlar da seçkilərə hazırlaşmalıdır. Seçkilərin bilmirəm, amma sosial şəbəkələr üzərindən ittiham, qaralama kampaniyasının hazırlıqları tam start götürüb. Bu günə kimi can deyib, can eşidənlərin söz “savaşı”ndan yaxşı, reytinq toplayacaq serial çəkmək olar.
Bu, təxminən belə olur. Deməli, X nəfər “Əziz Dostlar!” başlıqlı yazı ilə seçkilərə qatılacağını yazır. Bu postun altında yüz nəfər “Xeyirli olsun!” deyir. Amma o 100 nəfərdən biri başlayır X nəfərə ünvanlanan üstüörtülü, şübhə doğuracaq yazılarla aktivlik göstərməyə. “Sözüm məclisdən kənara” ifadəsi ilə başlayan sosial şəbəkə deyişməsi o qədər iyrənc forma alır ki…
Hələ eyni dairədən iki namizədin bir-birinə həsr etdikləri dastanlar… Vallah, bizimkilərin elədiklərini görənlər “qara piar” anlayışından utanırlar. Seçki prosesi qarşılıqlı ittihamlar və qaralama kampaniyası aparmadan təsəvvür etməyənlərə demək istərdim ki, bu mümkündür.
Enerjinizi bir-birinizə “gözəl” sözlər deməyə sərf etməkdənsə, seçicilərinizə yönəldin. Hə, öz də qatı açılmamış elə sözlərdən istifadə edirlər ki, adam çaş-baş olur. Çaşqınlıq yaradan bir məqam isə namizədliyi verməyənlərə olan münasibətdir. Nədənsə insanlarda belə bir fikir formalaşıb ki, hamı millət vəkilliyinə namizəd olmalıdır.
Namizədliyini verməyənlərə qınaq dolu baxışlarla müşayiət olunan sözlər bunun ən yaxşı nümunəsidir. Qardaş, vallah-billah, elə olmur. Bu insanın şəxsi istəyinə, həyata baxışına bağlı bir məsələdir.
Doğrudan da, intelektual, maraqlı, işgüzar, fərasətli və millət üçün dəyərli minlərlə insan var ki, onlar MİLLƏT VƏKİLİ DEYİL, bu barədə düşünmürlər və bəlkə də, inanmayacaqsınız, amma xoşbəxtdir. Axı deputat mandatı olmadan da milləti üçün söz deyən, qayğısına qalan, öz sahəsində əhəmiyyətli iş görən yüzlərlə insan var.
Millət vəkili mandatı xalqı üçün döyünən ürəyin üstündə olanda əhəmiyyətli sənədə çevrilir. Əks halda o, sadəcə, bir kağız parçasıdır. Çox vaxt insanları anlamadığımı sizə demişdim? Deməmişdimsə, indi deyirəm, doğrudan, anlamaqda çətinlik çəkirəm. Kiminsə arxasınca danışmaqdansa, sən də namizədliyini ver. Ya da ki, niyə başqasının millət vəkili olmadığı üçün qınayırsan, lazım deyil, yenə də başqasını qınayınca elə özün namizədliyini ver.
Yəni sözümün canı odur ki, sosial şəbəkələrdə ona-buna söz atınca, enerjini özünə sərf elə, özünlə barış, özünlə məşğul ol, özünə VƏKİLLİK et!