Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq.
Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.
Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər bu gün saat 11:00-dan yanvarın 27-si saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 50 (əlli) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilmişdir).
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.