“Sosial layihələr” müsabiqəsi çərçivəsində bu uşaqlar yaradıcılıq qabiliyyətini nümayiş etdirəcək
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Ümidə aparan yol” layihəsinin icrasına başlanılıb.
Məsul şəxsi Rahib Rəsulzadə olan “Ümidə aparan yol” layihəsinin əsas məqsədi uşaq evləri və internat məktəblərindən olan uşaqların və yeniyetmələrin istedadlarının aşkar edilməsi, bədii yaradıcılıq imkanlarının üzə çıxarılması və onlarda bədii zövqün, ifa mədəniyyətinin və yaradıcı fikrin formalaşmasına dəstək olmaqdır.
Layihənin icrası müddətində Bakı, Gəncə, Zaqatala şəhərləri və Füzuli rayonunun Horadiz qəsəbəsində fəaliyyət göstərən xüsusi internat məktəbləri və internat tipli gimnaziyalarda təhsil alan uşaqlar və yeniyetmələr üçün seçim turu və final daxil olmaqla, iki mərhələdən ibarət yaradıcılıq müsabiqəsi keçiriləcək.
Müsabiqə rəqs – milli və beynəlxalq rəqslər; təsviri sənət – rəssamlıq, heykəltaraşlıq və toxuculuq; musiqi yaradıcılığı – muğam və xalq mahnıları və bədii qiraət nümunələri olmaqla dörd nominasiya üzrə təşkil olunacaq.
Yanvar-may ayları ərzində baş tutacaq müsabiqənin seçim turları və final mərhələsinin iştirakçıları münsiflər heyəti tərəfindən müəyyən ediləcək.
Xatırladaq ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində həyata keçirilən “Sosial layihələr” müsabiqəsi vətəndaş cəmiyyətinin inkişafı, o cümlədən, təşəbbüskarlıq mühitinin formalaşması, sosial inkişafa yönələn ideyalar, təşəbbüslərin irəli sürülməsi və onların həyata keçirilməsi məqsədilə yaradılıb və müsabiqəyə layihələrin qəbulu 1 avqust 2019-cu il tarixindən noyabrın 20-dək həyata keçirilib.