Cəmiyyət

Azərbaycana keçə biləcək təhlükə ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı sahibkarlara müraciət edib.
AQTA-dan  verilən məlumata görə, dünyada yayılan koronavirus epidemiyası və yüksək patogen quş qripi epizootiyası nəzərə alınmaqla, Agentliyin regional bölmələri, həmçinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilərək gücləndirilmiş iş rejiminə keçib.
Həmçinin, koronavirus epidemiyası və quş qripi epizootiyası ölkəmizin bioloji təhlükəsizliyinin qorunmasında sahibkarların və vətəndaşların üzərinə müəyyən məsuliyyət və öhdəliklər qoyur.

Bütün bunları nəzərə alaraq, Agentlik ölkəyə heyvan və heyvan mənşəli məhsulların idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara bildirir ki, məhsul ölkəyə idxal edilməzdən əvvəl Agentlik və ya onun regional bölmələri vasitəsilə sözügedən məhsullara dair idxal baytarlıq tələbləri ilə tanış olsunlar və onları nəzərə alsınlar.
Bildirilir ki, sahibkarlar idxal tələblərini Agentliyin www.afsa.gov.az rəsmi internet səhifəsindən əldə edə bilər. Həmçinin, dünyanın müxtəlif ölkələrində bir sıra heyvan xəstəliklərinə qarşı epizootik vəziyyət barədə isə Ümumdünya Heyvan Sağlamlığı təşkilatının www.oie.int rəsmi internet səhifəsindən ilkin məlumatlarla tanış olmaq mümkündür.
Eyni zamanda, qurum sahibkarların nəzərinə çatdırır ki, beynəlxalq tələblərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı-idxalı və tranziti AQTA və onun regional bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.
Agentlik bəyan edir ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir. Əks halda baş verə biləcək hər hansı neqativ halların məsuliyyəti həmin sahibkarların üzərinə düşür.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir