Xəbər veridiyimiz kimi, dünən “Barselona”nın futbolçusu Usman Dembele Finlandiyada əməliyyat olunub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, fransalı hücumçu 6 ay meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, mövsümün erkən başa vuran 22 yaşlı forvard Avro-2020-də Fransa millisinə də kömək edə bilməyəcək.
Qeyd edək ki, Dembele uzun müddətdir əzələ yırtığından əziyyət çəkir. O, bu mövsüm La Liqada 5, Çempionlar Liqasında isə 4 oyun keçirib və 1 qol vurub.
2017-ci ilin avqustunda “Borussiya”dan 105 milyon avroya transfer olunan Dembeleni “Barselona” üçün uğurlu tranfser saymaq olmaz. O, bu komandadakı 2,5 il müddətində düz 9 dəfə zədə və ya ağır zədə alıb. O, ümumilikdə “Barselona”da 74 matçda iştirak edib və cəmi 10 görüşdə əvvəldən axıradək oynayıb. Zədələri səbəbindən Dembele “Barselona”dan 504 gün və ya 80 matç aralı düşüb. 22 yaşlı fransalı son dəfə ötən ilin noyabrında meydana çıxıb. Zədələndiyi üçün o vaxtdan daha heç bir oyunda iştirak etməyib.
İspaniya mətbuatının yazdığına görə, Dembelenin zədələyə meyilli olması “Barselona” rəhbərliyini məyus edib və artıq onun transferə çıxarılması gündəmə gəlib.