“Çətin oyun alındı. Yalnız ikinci set istisna olmaqla, digər hissələrdə topatop mübarizə getdi”.
Bunu apasport.az saytına Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.
Yığmamızın kapitanı şərəfini qoruduğu “Vaşaş”la Macarıstanda ilk titulunu qazanıb. 27 yaşlı blokçunun komandası ölkə kubokunun finalında “Nyireqiaza”nı 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesabı ilə məğlub edərək, qalib adına yiyələnib.
Matçda 21 xal toplayan Abduləzimova bildirib ki, əsas məqsədi ölkəmizi beynəlxalq arenada uğurla təmsil etməkdir: “Bu xallardan təxminən 10-nu blokda aldım. Matçın ilk hissəsinin xeyrimizə bitməsi də qələbəmizdə rol oynadı. Ardınca ikinci seti asan aktivimizə yazdıq. Düzdür, üçüncü hissədə rəqib ciddi müqavimət göstərdi. Lakin növbəti setdə qələbə qazanmaqla, oyunun taleyinin tay-brekə daşınmasına imkan vermədik. Ölkə çempionatında bizdən öndə olan rəqibi məğlub etməklə mövsümdə ilk hədəfimizə çatdıq. Birinciliyi də qızıl medalla bitirmək arzusundayıq. Həm ötən il, həm də bu il ən güclülərə qalib gəlmişik. İnanırıq ki, hər şey yaxşı bitəcək. İstəyirəm ki, Azərbaycan millisinin voleybolçusu kimi çempionluqda da pay sahibi olaraq medal kolleksiyama yenisini əlavə edim”.
Ötən il “Vaşaş”la Macarıstan çempionatının bürünc mükafatçısı olan blokçunun sözlərinə görə, yeni müqavilə bağladığı zaman arzuladığı titulu qazandığı üçün sevinclidir: “Karyeramda belə oyun oynamamışdım, belə bloklar qoymamışdım. Ötən il yeni müqavilə bağlayanda özümə söz vermişdim ki, kuboku başım üzərinə qaldıracam. Bunu da bacardıq”.
Qeyd edək ki, “Vaşaş” Macarıstan çempionatında 15 turdan sonra 30 xalla üçüncü pillədə qərarlaşıb.