Çində koronavirusa yoluxanların sayı sürətlə artır.
Mediabiz.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq dəhşətli xəstəlik dünyada 1300-dən artıq insanın həyatına son qoyub.
Bəzi ekspertlər virusa qarşı effektiv mübarizə aparılamayacağı halda onun Yer əhalisinin 2/3-ni əhatə edə biləcəyini yazır.
“COVİD-19 adı almış koronavirusa Yer sakinlərinin 2/3 hissəsi potensial yoluxa bilər”- deyə Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi Ayra Loncini deyir.
Loncini Çinin tətbiq etdiyi karantinin xəstəliyin yayılma sürətini azalda biləcəyini istisna etməsə də, virusun bu tədbirlər görülənə qədər ətraf ölkələrə yayıla biləcəyini təxmin edir. Alim hər xəstənin orta hesabla daha 2-3 nəfəri yoluxdurduğunu söyləyir.
“COVİD-19-un yayılma sürətini izləmək mümkün deyil: tez müəyyən edən testlər yoxdu, bəzi insanlar isə xəstəlik nisbətən mülayim formada keçir”.
Digər alimlər də xəstəliyin qlobal miqyasda yayıla biləcəyini təxmin edir. London kollecinin araşdırmaçısı Nil Fergüsson Çində gündəlik 50 min insanın virusa yoluxa biləcəyini hesab edir. Honqkonq Universitetinin professoru Qabriel Len isə epidemiyanın qarşısının alınmayacağı halda, onun planetin yarısından çoxuna keçəcəyinə əmindir.
London gigiyena və tropik tibb məktəbinin infeksiya xəstəlikləri üzrə eksperti Devid Xeyman isə virusun daha yaxşı öyrənilməli olduğunu düşünür.
Hazırda koronavirusa yoluxanların sayı 60 mini keçib, ölüm halları isə 1370-ə çatıb.