12:34
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqor Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
“Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilsin”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri
Komissiyanın üzvləri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini
Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri
Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru
Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Natiq Əliyev – Xalq rəssamı
Mövlud Süleymanlı – Xalq yazıçısı.
2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.