Türkiyə və Rusiya prezidentlərinin qarşıdakı görüşünü geosiyasət derbisi adlandırmaq olar. Yaxın və Orta Şərqdə varlığını saxlamaq, Aralıq dənizinə çıxışını əldən verməmək, ABŞ başda olmaqla NATO-nun bu bölgədə üstün mövqe tutmasının qarşısını almaq istəyən Rusiya və bölgəyə təbii və tarixi haqqını bəyan etmiş və bərpa etməyə çalışan Türkiyə var.
Bu fikirləri Teleqraf.com-a Moskvada baş tutacaq Putin-Ərdoğan görüşü öncəsi vəziyyəti şərh edən “Bizim Yol” qəzetinin baş redaktoru, siyasi təhlilçi Bahəddin Həziyev deyib.
Analitikin fikrincə, son hadisələr hər nə qədər ağır itkilər yaşatsa da, Rusiya qarşısında Türkiyənin əlini gücləndirmiş kimi görünür: “Lakin Rusiyanın əlində iki kart var: biri Əsəd hökimətinin rəsmi dəvəti, Suriya ərazisində hərbi bazasının olması və konkret olaraq münaqişənin episentri olan İdlibin hava məkanına nəzarət etməsi, ikinci kartı isə Liviyadakı üsyançılardır. Suriya ilə tarixi bağlılığı, ümumi sərhədlərinin olması, Suriyada bir çox yerli əşirət güclərinin türk ordusunun müdaxiləsinə dəstək verməsi, Suriya qaçqınlarından təşkil olunmuş Suriya Milli Ordusu, aparılan son hərbi əməliyyatların yaratdığı hərbi-siyasi reallıqlar, SİHA-lar (Silahlı İnsansız Hava Aparatları) vasitəsilə İdlibin hava məkanında hərəkət və zərbələr endirmək imkanı və s. Türkiyənin xeyrinə olan faktorlardır. Rusiya bölgədə qalmaq üçün, Türkiyə bölgədə varlığını və təsirini artırmaq üçün savaşır.
Hazırda Rusiya ilə Türkiyə arasında hibrid müharibə gedir. Hibrid müharibənin bir cəhəti odur ki, onu aparan böyük güclər hər zaman siyasi dialoq üçün “diplomatik dəhliz”i açıq tuta bilirlər. Bu görüş də üzdə dost, müttəfiq, dərində isə rəqib, hətta bəlkə latent düşmənçilik mərhələsində olan iki dövlət üçün asan olmayacaq. Çünki tərəflərin edə bilcəyi güzəşt limiti yox dərəcəsində azdır. Ruslar, elə ABŞ da imkan vermək istəmir ki, Türkiyə Aralıq dənizində aşkarladığı böyük enerji resurslarını istismara və ixraca başlasın. Bu faktor da var. Rusiya da, ABŞ da Avropanın qaz bazarında biri təbii qazı ilə, o biri sıxılmış qaz ilə iştirak edir. Rusiya bu bazarda öz inhisarçı mövqeyini saxlamaq istəyir, ABŞ isə onun bu mövqeyini əlindən almağa çalışır. Avropa qaz bazarında Türkiyə kimi əlavə bir oyunçunun da indiyə qədər tranzit ölkə kimi qalmaqla yanaşı, həm də ixracatçı ölkə olaraq peyda olması tərəflərdən heç birinin, eləcə də, İsrailin və İranın da maraqlarına uyğun deyil. Türkiyənin indiki durumu keçən əsrin əvvəlində – Birinci Dünya Müharibəsi gedişində və ondan sonra Osmanlının üzləşdiyi vəziyyətə çox bənzəyir. Türkiyə üçün Suriyada uğur qazanmaq bu baxımdan çox mühümdür. Bu səbəbdən Putunlə Ərdoğanın görüşündə ciddi bir razılaşma olması və olsa da, dayanıqlı olacağı ehtimalı azdır”.
Bahəddin Həziyevin fikrincə, birada Azərbaycan üçün də ciddi siqnallar var: “Türkiyə Rusiyanın mövqeyinə təsir etmək üçün ATƏT-in Minsk Qrupunda fəallığını artırır – Türkiyə xarici işlər naziri Çavuşoğlu Minsk Qrupunun həmsədrləri ilə görüşdü. Buna qarşılıq olaraq isə Rusiyada Ermənistan-Azərbaycan sərhədlərinə rus qoşunlarını yeritmək hədələri səsləndi. Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərə başlaması da bu çağırışlara cavab olaraq atılmış addmdır. Bu, bölgədə hərbi-siyasi vəziyyətin təhlükəli həddə doğru gərginləşməsinə dünyanın diqqətini cəlb etmək və olası açıq münaqişəyə hazır olmaq məqsədləri daşıyırdı. Hər bir halda Türkiyə və Rusiya liderlərinin Moskva görüşü (geosiyasi, hətta geostratej derbi) bizi də birbaşa və yaxından maraqlandırır. Ciddi, prinsipial nəticələri olmasa da, bu görüşün özü gərginliyin müəyyən mənada və müəyyən dərəcədə azalmasına kömək edəcək. Çünki hər iki dövlət anlayır ki, onları toqquşdurub zəiflətmək və daha sonra Suriyaya qalıcı dönüş etmək ABŞ, Fransa, İsrail, Britaniya, hətta Almaniyaya belə sərfəlidir. Miqrantların Avropaya buraxılması həm də bu səbəblə bağlıdır. Rusiya və Türkiyənin Suriyada ən azı taktiki uzlaşma əldə etməkdən başqa yolu görünmür”.