Aprelin 30-dək keçirilməsi planlaşdırılmış bütün sambo turnirləri təxirə salınıb.
Zirveyolu.info xəbər verir ki, bura Rusiyanın paytaxtı Moskvada keçirilməli olan Xarlampiyevin xatirəsinə həsr olunmuş Dünya Kuboku (20-21 mart), çimərlik sambosu üzrə Kiprin Larnaka şəhərindəki dünya çempionatı (28-29 aprel) və digər yarışlar aiddir.
Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov bunu koronavirus təhlükəsi ilə əlaqələndirib.
Sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyevin saytımıza verdiyi məlumata görə, Dünya Kubokunda Azərbaycanın üç samboçusu – Mehman Məmmədov, Fərid Mikayılov və Mirfəttah Seyidəliyev də iştirak etməli idi.
Qeyd edək ki, daha əvvəl 9-13 aprel tarixlərində Bolqarıstanın Panaqyurişte şəhərində keçirilməli olan yeniyetmə və gənclərin sambo üzrə Avropa çempionatı ləğv olunmuşdu.