Növbədənkənar seçkilər nəticəsində formalaşmış parlamentin martın 13-də baş tutan ilk iclası həm də onunla əlamətdar idi ki, bu iclas həm də yeni sədrin spikerliyi ilə keçirilirdi. 14 il parlamentə rəhbərlik etmiş Oqtay Əsədov və müavinlərinin gözlənilmədən işdən uzaqlaşdırılması və tamamilə yeni tərkibdə sədarətin seçilməsi məclisin ilk iclaslarına ictimai marağı bir qədər də artırmışdı.
Müşahidələr belə deməyə əsas verir ki, Milli Məclisin yeni sədri Sahibə Qafarova elə ilk iclasdaca hamıya çox aydın mesaj verə bilib ki, necə deyərlər, məclisdə əsas söz sahibi o olacaq, heç kimin şıltaqlığına imkan verilməyəcək.Məsələn, xanım Qafarova elə ilk iclasdaca YAP icra katibinin müavini, hakim partiyanın və onun deputat korpusunn əsas rəhbərlərindən biri olan Siyavuş Novruzova xəbərdarlıq etməkdən çəkinməyib. Belə ki, məclisin ilk plenar iclasına kifayət qədər “kefi kök” vəziyyətdə qatılmış S.Novruzov hələ iclas başlamamış yeni və köhnə deputatlarla uca səslə zarafatlaşmağa, yerli-yersiz replikalar atmağa başlayıb. Deputat Nigar Arpadarainin adı çəkiləndə isə o, uca səslə yerindən dillənib: “Ə familiyaya bax eee…”
Görünür S.Novruzovun kefinin həddən artıq yaxşı olması yeni spikerin də diqqətini çəkib. Belə ki, sual vermək üçün söz alan S.Novruzovun mövzudan kənar çıxış etməyə başlamasını görən S.Qafarova sözünü kəsərək ona xəbərdarlıq edib ki, sual vermək üçün söz alıb, mətləbə qayıtsın…