Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Zirveyolu.info-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
– Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti;
– fiziki və hüquqi şəxslərin könüllü ödəmələri;
– qanunla qadağan olunmayan digər mənbələr.
Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılır.
Fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər. Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydada nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır. Fondun vəsaitindən koronovirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur:
– tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;
– tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına);
– xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;
– nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;
– tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;
– tibb sahəsində mütəxəssislərin hazırlanmasına;
– təbliğat və maarifləndirmə işlərinə;
– koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.
Fondun vəsaitindən bu Qaydada nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.