Vətəndaşların müraciətlərinin operativ cavablandırılması, yerində həll olunması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün Ağcabədi Rayon İcra Hakimiyyətində Müraciətlərə Operativ Baxılması Mərkəzi yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzdə ümumilikdə 100-dən çox mövzu ilə bağlı vətəndaş müraciətlərinə operativ baxılması, cavablandırılması və həlli üçün 7 pəncərə üzrə məsul işçilər, könüllülər və operativ işçi qrup fəaliyyət göstərir. Vətəndaşlar məlumat masasında könüllülər tərəfindən qarşılanaraq məlumatlandırılır, aidiyyəti üzrə pəncərələrə yönləndirilir, həmçinin onları razı və ya narazı salan məsələlərlə bağlı sorğu keçirilir.
Mərkəzdə hər bir məsul işçi kompüter dəsti ilə təmin olunub. Burada sosial-iqtisadi və kommunal təchizat, kənd təsərrüfatı və torpaq, ictimai-siyasi və humanitar, hüquq, memarlıq və tikinti, ərazi idarəetmə, qəbul məsələləri ilə bağlı müraciətlərə baxılır. Qəbula məsul şəxs (rayon icra hakimiyyətinin başçısı, onun müavinləri və şöbə müdirləri) vətəndaş müraciətlərini dinləyir, aidiyyəti üzrə tapşırıqlar verir və Mərkəzin gündəlik fəaliyyətinə nəzarət edir.
Müraciətlər məsul işçilər tərəfindən elektron qaydada qeydə alınır. Bunun üçün xüsusi proqram hazırlanıb və proqrama rayon icra hakimiyyəti tərəfindən virtual nəzarət edilir. Mərkəzdə məlumat monitoru quraşdırılıb. Müraciət edən vətəndaş məlumat monitoru vasitəsilə mövzu üzrə qanunvericilikdə hansı halların nəzərdə tutulduğunu və qaydaları izləyə bilir.
Operativ işçi qrupu müraciət daxil olduqdan dərhal sonra yerində baxılması vacib məsələlərin həlli və araşdırılması üçün fəaliyyət göstərir. Qrup minik avtomobili və planşetlə təmin olunub. Yerində araşdırılmış məsələ ilə bağlı materiallar elektron şəkildə dərhal mərkəzə göndərilir və vətəndaş müraciəti cavablandırılır.
Mərkəzdə qaynar xətt yaradılıb və müraciətlər həm vətəndaşların özləri tərəfindən şifahi şəkildə, həm də elektron qaydada və qaynar xəttə gələn zəng və smslərlə qəbul olunur.
Mərkəzdə yaradılan şərait vətəndaşların müraciətlərinin operativ cavablandırılması, yerində həll olunması, vətəndaş məmnunluğunun təmin edilməsi, vaxt itkisinin, süründürməçilik və korrupsiya hallarının qarşısının alınmasını təmin edir.