Dünya

Koronavirus dövrünün dövlətlərarası rəqabəti – TƏHLİL

“Koronavirusun yayılması ilə mübarizədə Rusiyanın yardımla dolu hərbi təyyarələrini İtaliyaya göndərməsi Avropa İttifaqının böhran içərisində olan üzvünə təcili yardım göstərməkdə bacarıqsız olduğunu göstərib və Prezident Vladimir Putinin ölkəsində və xaricdə təbliğinə səbəb olub”.

Rusiya hökumətinin bu hərəkəti İtaliyada müsbət qarşılansa da, Avropa İttifaqı və NATO-nun yüksək səviyyəli diplomatları və rəsmiləri bu yardımı dəstək kimi deyil, daha çox rəsmi Moskvanın gücünü göstərən və nüfuzunu artıran geosiyasi bir addım kimi qiymətləndirib.

İtaliya hökuməti isə son günlərdə göndərilən zərərsizləşdirmə bölmələri və hərbi tibb işçilərinə görə, Rusiyaya minnətdarlığını və bunun Avropanın cüzi yardımı ilə ziddiyyət təşkil etdiyini bildirib.

Əlbəttə, Polşa və digər Şərqi Avropa ölkələrinin Rusiya ilə sərhədinə hərbi qüvvələr yerləşdirən NATO və Qərb dövlətləri üçün indi İtaliya küçələrində Rusiya bayrağı altında hərəkət edən hərbi “KamAZ”ları görmək xoş deyil. Ona görə də, Avropada Rusiyanın bu hərəkəti heç də xoşməramlı addım kimi qiymətləndirilmir və təhdid kimi dəyərləndirilir.

“İtaliyalılar yardım üçün ümumi müraciət edir və ruslar hərbi təyyarələrlə hərbi həkimlər, hərbi texnika göndərir”, – deyə Avropa İttifaqının yüksək səviyyəli diplomatı bildirib. Bu açıqlamanın özündə bir narahatlıq və qəzəb hiss olunur.

Bütün bunlar pandemiya sonrası dünya siyasətində müşahidə olunan dəyişikliklərdir. Məsələ ondadır ki, koronavirus Çindən sonra Cənubi Koreya və İranda, daha sonra isə Avropanın turizm mərkəzlərindən biri olan İtaliyada yayıldı. Bu zaman Romanın yardım çağırışlarını üzvü olduğu Avropa İttifaqı operativ cavablandırmadı. Hər halda, rəsmi Roma indi bunu açıq şəkildə deyir. Avropa İttifaqı toplanıb müvafiq qərarlar qəbul edənə, virusa qarşı hərəkətə keçənə qədər artıq Çin və Rusiyadan gələn yardımlar Romada idi. İtaliyanın sağçı hökuməti isə bu durumdan o qədər də narazı deyil.

Üstəlik, pandemiya Avropanın bir çox ölkələrinə yayılıb. Görünən odur ki, virus “Köhnə dünya”nı hazırlıqsız yaxalamışdı. Bu səbəbdən də, indi Rusiyanın belə fəallığı Avropanı ikiqat narahat edir.

Hətta o qədər ki, Fransa Prezidenti Emmanuel Makron koronavirus və onunla bağlı məhdudlaşdırıcı tədbirlərin Avropa İttifaqının mövcudluğuna təhlükə yaratması barədə xəbərdarlıq edib. Makronun sözlərinə görə, Şengen müqavilələrində nəzərdə tutulmuş Avropa vətəndaşlarının azad hərəkəti ilə bağlı əsas prinsip təhdid altındadır. “Avropa layihəsinin mövcudluğu təhlükədədir. Biz Şengenin ölümü ilə risk edirik”, – deyə Fransanın dövlət başçısı bildirib.

Rusiya üçünsə indi Avropaya yardım etmək yalnız humanizm nümayişi deyil, həm də vaxtında yardıma çata bilən dost ölkə imicini formalaşdırmaq fürsətidir. Əslində, normalda bu yardımlar ABŞ-dan gəlməli idi, amma Birləşmiş Ştatların özündə də xəstəlik qəfil yayılmağa başladı. Üstəlik, Ağ Evin hazırkı mühafizəkar lideri üçün Avropanın və dünyanın yerdə qalan hissəsinin taleyi o qədər də prioritet təşkil etmir.

Bunun əvəzində, Moskva daha yaxında və operativ idi. Hətta Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bu günlərdə bəyan etdi ki, ölkəsi ehtiyac yaranacağı təqdirdə ABŞ-a koronavirusla mübarizədə yardım göstərməyə hazırdır.

Sitat: “Sadə amerikalılar bilməlidir ki, Rusiya ehtiyac yaranacağı təqdirdə ABŞ-a kömək etməyə hazırdır”.

İtaliya və Serbiya kimi Avropanın “zəif bəndlərinə” Rusiyanın fəal dəstəyi Brüsseldə açıq narahatlıq doğurur. Hətta indi Aİ rəhbərliyi Rusiyanı pandemiyadan istifadə edərək, Avropa dövlətlərini gözdən salmağa çalışdığını dilə gətirir.

Martın 16-da “Reuters” agentliyi Avropa Xarici Fəaliyyət Xidmətinin daxili sənədini dərc edib. Sənəddə Rusiya mərkəzli xəbər mənbələrinin Qərb ölkələrində ictimai sağlamlıq böhranını qəlizləşdirmək və Avropa cəmiyyətlərini sarsıtmaq məqsədilə xəbərlər yaydığı qeyd olunur.

Sənəddə deyilir ki, Aİ-nin məlumat bazasında yanvarın 22-dən bəri koronavirusla bağlı 80 dezinformasiya kampaniyası qeydə alınıb. Onların bəzilərində hətta koronavirusun ABŞ-ın bioloji silahı olduğu iddia edilib.

Əlbəttə, indi bu məsələdə hakimlik etmək, kimin nə qədər haqlı və doğru olduğunu müəyyən etmək çətin və bir o qədər də faydasız işdir. Lakin fakt budur ki, pandemiya dünya siyasətinə də ciddi təsir edib. Artıq indidən beynəlxalq güclər arasında rəqabətin silahına çevrilib. Özü də bu məsələdə tərəf yalnız Rusiya və Avropa deyil, ortada həm də özünü göstərən Çin var.

Məlum səbəblərdən Çin Rusiya qədər qıcıq doğurmur. Çinin virusa qarşı mübarizə təcrübəsi, güclü səhiyyəsi var və ən əsası, Avropaya qarşı Rusiya qədər təhlükə təşkil etmir. Lakin fakt odur ki, pandemiyanın ilkin yayılma dönəmindəki fəaliyyəti, eləcə də xəstəliyə qarşı dövlətin səfərbərlik qabiliyyəti, inkişaf etmiş tibbi, mükəmməl infrastrukturu ilə rəsmi Pekin dünyaya öz gücünü və əzəmətini nümayiş etdirməyə çalışdı. Koronavirusa qarşı Çindəki mübarizə – bir neçə günə xəstəxana inşa etməkdən tutmuş, çevik, mobil karantin tədbirlərinə qədər bir çox fəaliyyətlər başdan-başa siyasi reklam yüklü idi. Çün dünyanın yeni gücü olmaq iddiasını nümayiş etdirirdi.

Çin virusa qalib gəldiyini elan etsə də (hərçənd, bunun özü də ciddi suallar doğurur – R.Q.), pandemiya Avropanı və dünyanı cənginə almaqdadır. Artıq ABŞ və İtaliyada koronavirusa yoluxanların sayı Çində yoluxanların sayını keçib. Yaxın günlərdə dünya üzrə virusa yoluxanların ümumi sayı 1 milyon nəfəri ötəcək. Bu isə dövlətlərarası münasibətlər üçün daha ciddi bir sınaq olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir