“Səbail”in futbolçusu Hendrik Ekşteyn evdə məşq etmək üçün idman avadanlıqları alıb.
Mediabiz.az xəbər verir ki ,bu barədə cənubi afrikalı yarımmüdafiəçi kickoff.com-a açıqlamasında deyib.
“Bakıda çölə çıxıb futbol oynaya bilmədiyim üçün bu günlərdə evdə məşq edirəm. Evdə məşq etmək üçün bir neçə idman avadanlığı almışam. Bu avadanlıqları ala bilməyən oyunçuya bir tövsiyə edə bilərəm. Onlar evdə uyğun olacaq hər şeydən istifadə edə bilərlər. Evdə stullarla məşq etmək mümkündür” – deyə o bildirib.
29 yaşlı oyunçu Azərbaycandan koronavirus səbəbindən yaranan vəziyyəti də şərh edib: “Bakıda tam qapalı vəziyyətdə yaşamırıq. Burada Cənubi Afrikada kimi deyil, amma yenə də evdə qalmağın vacib olduğunu vurğulayırlar. Buna görə evdə oluruq. Küçədə ordu yoxdur, buna görə də küçəyə çıxa bilirik. Klub bizə bəzi tapşırıqlar verib”.
Ekşteyn “Səbail”də onun üçün hər şey qaydasında olduğunu vurğulayıb: “Azərbaycana qayıtdığım üçün xoşbəxtəm. Futbolun yenidən başlanmasını gözləyirəm”.