“Koronavirus gözlənilməyən bəladır. Dövlət də hər bir addımı atır ki, bunun qarşısı alınsın. Bu elə bir bəladır ki, özü ilə başqa bir problemi gətirir. Çox qorxuducu məqamdır”.
Zirveyolu.info-ın məlumatına görə, bunu Real TV-yə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu günləri az ağrılı keçirmək üçün maliyyə imkanlarımız var:
“Dövlət bu məsələ ilə bağlı hər şey edir və edəcək də. Prezident İlham Əliyevin koronavirus pandemiyası il bağlı imzaladığı sərəncamında əsas məqam odur ki, həm insanların təhlükəsizliyi təmin olunmalı, həm də mümkün qədər iqtisadi fəaliyyət olmalıdır. Eyni zamanda, sosial layihələr dayanmamalı, iqtisadiyyatın əziyyət çəkən sektorlarının itkiləri minimallaşdırılmalı və dəstək verilməlidir”.
İ.Məmmədov qeyd edib ki, yaxın günlərdə sosial məsələlərlə də bağlı qərar açıqlanacaq.
Qurumun rəsmisi tibbi maskaların çatışmazlığından da danışıb. O bildirib ki, Azərbaycanda tibbi maska qıtlığı var:
“Maska yoxdur demək doğru deyil. Tibbi maska qıtlığı bütün dünyada var. Çünki hazırda maskaya tələbat yüksəkdir”.