Səhiyyə

“Pandemiya dövründə qan vermək təhlükəsizdir” – RƏSMİ AÇIQLAMA

 

 

“Milli Hematologiya və Transfuziologiya Mərkəzində (Talassemiya Mərkəzi) qan təchizatı və təminatı ilə bağlı heç bir problem yoxdur”.

Bu sözləri Lent.az -a açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib. O bildirib ki, qan təminatı ötən aylarda olduğu kimi aparılır:

“Pandemiya dövründə qan vermək təhlükəsizdir. Bununla bağlı TƏBİB tərəfindən mütəmadi paylaşımlar, eləcə də çağırışlar da ediləcək. Başa düşməliyik ki, donorluq daimi ehtiyac, təcili və təxirə salınmaz məqamdır.

Buna görə də vətəndaşlara müraciət edirik ki, karantin rejiminin qaydalarını pozmamaq şərti ilə Mərkəzi Qan Bankına gələrək donorluq etməyə davam etsinlər”.

Qurum rəsmisi diqqətə çatdırıb ki, Qan Bankları 24 saat açıqdır:

“Sterilliyi və təhlükəsizliyi təmin etmək üçün xüsusi tədbirlər görülür. Qan bağışlamaq təhlükəsiz bir prosesdir, insanlar donor olmaqdan çəkinməməlidir. Donorlarımızın və tibb işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər həyata keçiririk.

Qan çatışmazlığı həyatları qandan asılı olan hemotoloji xəstələrin, təcili əməliyyata ehtiyacı olan şəxslərin, avtomobil qəzaları və digər fövqəladə halların qurbanlarının həyatda qalmalarına mənfi təsir göstərə bilər.

Məhdudiyyət yalnız vacib olmayan səyahətlər, restoran, klublar və teatrlar kimi yerləri əhatə edir. Qanvermə isə zəruridir. Donor olmağınıza ehtiyacımız var”.

Əlavə edək ki, dünəndən etibarən sosial mediada Talassemiya Mərkəzində qan çatışmazlığı barədə məlumatlar yayılaraq, əhaliyə donorluq etmələri ilə bağlı çağırışlar edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir