Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiya ödənişləri artıq həyata keçirilib. Pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (197 216 nəfər) bank hesablarına köçürülüb.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, sabah Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiyalar ödəniləcək: “Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə isə ayın 10-da ödənilməsi nəzərdə tutulur. Ayın 15-də digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və artıq bütün ölkə üzrə aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq.
Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.
Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq”.
*** 09:50
“COVID-19” pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının olmaması məqsədi ilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımların (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib.
“Report” xəbər verir ki, bu gündən Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə pensiyaların ödənilməsinə başlanılır.
Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə ayın 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə ayın 10-da, respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə ayın 15-də ödənilməsi müəyyən edilib.
Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.
Pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 – Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.
Xüsusi karantin rejimi müddətində pensiya, müavniət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.
Hər hansı sual olacağı təqdirdə, 142 – Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.